AZERFAX TV

“Real”a borclu deyiləm, məndən əvvəl yarımfinala çıxa bilmirdilər

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “İnter”lə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

AZERFAX.AZ xəbər verir ki, portuqaliyalı mütəxəssis əsas məqsədinin qələbə qazanmaq olduğunu bildirib. Mourinyo “Betis”lə son matçda yaxşı oynasalar da məğlub olduqlarını xatırladaraq bu dəfə yalnız yaxşı futbolun kifayət etməyəcəyini vurğulayıb: “Qazanmaq istəyirəm. Yaxşı oynamaq istədiyimi deyə bilərəm, amma “Betis”ə qarşı yaxşı oynadıq və uduzduq. Mən qələbə istəyirəm”.

Mütəxəssis komandasının mövsümdəki ilk məğlubiyyətdən sonra reaksiyasından razı qaldığını bildirib. Onun sözlərinə görə, futbolçular oyundan sonra soyunub-geyinmə otağında məyus olsalar da, növbəti məşqlərdə özlərini toparlayıblar.

Mourinyo “İnter”lə qarşılaşma öncəsi yarımmüdafiədə müəyyən problemlərin olduğunu da qeyd edib: “Yaxşı vəziyyətdəyik. Oyun öncəsi orta sahədə bəzi problemlərimiz var, amma meydana çıxacaq və mübarizə aparacağıq”.

“İnter”in sabiq baş məşqçisi Madridin “Santyaqo Bernabeu” stadionunda həm ən yaxşı, həm də ən pis anlarını yaşadığını deyib. O, 2010-cu ildə “İnter”lə Çempionlar Liqasının qalibi olduğunu, “Real Madrid”lə isə yarımfinalda “Bavariya”ya penaltilər seriyasında məğlub olduğunu xatırladıb.

Mourinyoya “Real Madrid”ə Çempionlar Liqasını qazandırmaq baxımından borclu olub-olmadığı da soruşulub. O, buna qəti şəkildə “xeyr” cavabını verib: “Bunlar iki fərqli dövrdür. Mən işimi 2013-cü ildə başa vurdum. Qazandığımızı qazandıq, itirdiyimizi itirdik. Əlimizdə olan hər şeyi verdik və həmin dövr başa çatdı”.

Mourinyo qeyd edib ki, 2010-cu ildə “Real Madrid” uzun illər Çempionlar Liqasının yarımfinalına belə çıxa bilmirdi: “2010-cu ildə “Real Madrid” 1/4 finala çıxa bilmirdi və uzun illər Çempionlar Liqasının yarımfinalında oynamamışdı. İndi isə klub 6 Çempionlar Liqası kuboku qazanıb. Bunlar tamamilə fərqli dövrlərdir”.

Bununla belə, Mourinyo “Real Madrid”lə yenidən Çempionlar Liqasını qazanmaq istəyib-istəmədiyini soruşduqda “əlbəttə ki, bəli” cavabını verib. O, bunun əvvəlki dövrlə heç bir əlaqəsinin olmadığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button