AZERFAX TV

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiyada ticarət mərkəzlərinin 10 faizə qədəri fəaliyyətini dayandıracaq. Bu isə Rusiyanın bazar və ticarət mərkəzlərində çalışan azərbaycanlıların da vəziyyətini çətinləşdirə bilər.

AZERFAX.AZ xəbər verir ki, Rusiyada yüzlərlə ticarət mərkəzinin bağlanacağı ilə bağlı məlumatı “İzvestiya” nəşri bazar iştirakçılarının proqnozlarına istinadən yayıb.

“Umbrella Consulting Group” konsaltinq şirkətinin idarəedici tərəfdaşı Kirill Aqapovun sözlərinə görə, gələn ilin sonunadək Rusiyada 150-200 ticarət obyektinin fəaliyyətini dayandırması mümkündür. Bir sıra ticarət mərkəzlərinin isə fəaliyyət istiqamətini dəyişəcəyi gözlənilir.

Ekspertin fikrini Rusiya Ticarət Mərkəzləri İttifaqı da bölüşüb. Analitiklər belə bir ssenarini ölkənin daxili bazarı üçün kifayət qədər real hesab edirlər.

Bununla belə, ticarət mərkəzlərinin tamamilə yox olması gözlənilmir. Bir çox obyektlərdə icarəçilərin tərkibi dəyişdiriləcək, mağazalar üçün ayrılan sahələr azaldılacaq, onların yerində restoranlar, əyləncə məkanları, fitnes zalları, xidmət sahələri, ofislər və tibb müəssisələri yaradılacaq.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər ticarət mərkəzlərinə bazardakı yeni reallıqlara uyğunlaşmağa imkan verəcək. Ənənəvi ticarət mərkəzi modeli – mümkün qədər çox mağazanı bir məkanda toplamaq və böyük müştəri axını yaratmaq – əvvəlki effektivliyini itirib.

Buna səbəb kimi əhalinin daha çox qənaət etməyə başlaması, Qərb brendlərinin Rusiya bazarından çıxması və internet ticarətinin, xüsusilə marketpleyslərin sürətlə genişlənməsi göstərilir. Onlayn platformalarda endirimlər və loyallıq proqramları hesabına məhsulların daha ucuz təklif edilməsi də ənənəvi mağazalara tələbi azaldır.

Prosesin Rusiyada çalışan azərbaycanlılara hansı şəkildə təsir edəcəyi maraq doğurur.

Rusiyanın ticarət mərkəzləri və bazar sektorunda azərbaycanlıların uzun illərdir mühüm çəkisi var. Xüsusilə Moskva və digər böyük şəhərlərin bazarlarında Azərbaycan mənşəli sahibkar və satıcıların fəaliyyət göstərdiyi məlumdur.

Bu səbəbdən ticarət obyektlərinin kütləvi şəkildə bağlanması və fəaliyyət formatının dəyişdirilməsi Rusiyada yaşayan və ticarətlə məşğul olan azərbaycanlıların da iş yerlərinə və gəlirlərinə təsir göstərə bilər. Hazırda isə konkret olaraq neçə azərbaycanlı ticarətçinin bu dəyişikliklərdən zərər görə biləcəyi barədə rəsmi statistika açıqlanmayıb.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button