Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirildi

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və regionların dayanıqlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət kənd təsərrüfatının ənənəvi sahələrinin də qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələr sırasında pambıqçılıq xüsusi yer tutur.
Uzun illər ərzində ölkənin aqrar həyatında mühüm rol oynayan, minlərlə ailənin məşğulluğuna və rifahına töhfə verən pambıqçılıq artıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Müasir texnologiyalara, səmərəli idarəetməyə, elmi yanaşmaya və emal sənayesi ilə sıx inteqrasiyaya əsaslanan yeni inkişaf modeli pambıqçılığın iqtisadi əhəmiyyətini daha da artırmağı hədəfləyir.
Sabirabad rayonunda keçirilən regional müşavirə də məhz bu məqsədlərə xidmət edən mühüm tədbirlərdən biri oldu. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsi üzrə müəyyən olunmuş hədəflərin müzakirəsinə həsr edilən müşavirə dövlət qurumlarının nümayəndələrini, pambıqçılıq üzrə ixtisaslaşmış rayonların rəhbərlərini, fermerləri, sahibkarları və pambıq şirkətlərinin nümayəndələrini bir araya gətirdi.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirdi ki, dövlət başçısının tapşırığına əsasən, iyunun 12-dən etibarən ölkənin 13 iqtisadi rayonunda yeni dövlət proqramının geniş müzakirələri keçirilib. Fermer və sahibkarların qatıldığı müzakirələr aqrar sahənin inkişafı istiqamətində yeni təşəbbüslərin formalaşmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın daha da möhkəmlənməsinə imkan yaradıb. Prezident Administrasiyasının rəsmisi çıxışında vurğuladı ki, son illər pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsiz qalmayıb. Əkin sahələrinin optimallaşdırılması, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, texnika təminatının yaxşılaşdırılması və aqrotexniki tədbirlərin gücləndirilməsi məhsuldarlığın yüksəlməsinə, kənd yerlərində məşğulluğun genişlənməsinə mühüm töhfə verib. Yeni dövlət proqramı isə artıq pambıqçılığın ekstensiv deyil, intensiv inkişaf modelinə keçidini nəzərdə tutur.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov müşavirədə pambıqçılıq sahəsinin mövcud potensialından daha səmərəli istifadə olunmasının vacibliyini diqqətə çatdıraraq məhsuldarlığın yüksəldilməsi, klaster prinsipi əsasında inkişafın təmin olunması, texnika parklarının gücləndirilməsi və emal imkanlarının genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğuladı. Nazir pambığın yalnız xammal kimi deyil, əlavə dəyər yaradan məhsula çevrilməsinin qarşıdakı dövrün mühüm hədəflərindən biri olduğunu bildirdi.
Su təminatının yaxşılaşdırılması məsələsi də müşavirədə əsas müzakirə mövzularından biri oldu. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qeyd etdi ki, son illər həyata keçirilən irimiqyaslı layihələr, yeni su mənbələrinin yaradılması, Şirvan və Qarabağ kanallarında aparılan yenidənqurma işləri pambıqçılıq rayonlarında məhsuldarlığın artmasına mühüm təsir göstərəcək. Müasir suvarma texnologiyalarının tətbiqi və su ehtiyatlarından səmərəli istifadə isə sahənin dayanıqlı inkişafının əsas şərtlərindəndir.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli isə pambıqçılığın qeyri-neft sektorunun inkişafında, ixrac potensialının genişləndirilməsində və regionlarda iqtisadi fəallığın artırılmasında mühüm rol oynadığını vurğuladı. Bildirdi ki, yeni iplik, parça və tekstil müəssisələrinin yaradılması əlavə dəyər zəncirinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və ixrac gəlirlərinin artmasına xidmət edəcək.
Azərbaycan pambıqçılığının zəngin ənənələri var. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə respublikada pambıq istehsalı 1 milyon ton həddinə çatmış, Azərbaycan keçmiş ittifaqın aparıcı pambıqçılıq mərkəzlərindən birinə çevrilmişdi. Bu gün isə məqsəd həmin təcrübəni müasir texnologiyalar və innovativ yanaşmalarla birləşdirərək sahənin iqtisadi səmərəliliyini daha da artırmaqdır.
Müşavirədə pambıqçılıqla məşğul olan fermerlər və pambıqçılıq sahəsi ilə bağlı olan şirkətlərin nümayəndələrinin fikir və təklifləri də dinlənildi. Çıxış edənlər cari mövsümdə görülən işlər, məhsuldarlığın artırılması imkanları, su təminatının yaxşılaşdırılması, müasir aqrotexniki üsulların tətbiqi, texnika təminatı və dövlət dəstəyi mexanizmlərinin daha da təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşdülər. Qeyd olundu ki, son illər dövlətin aqrar sahəyə göstərdiyi hərtərəfli diqqət və dəstək pambıqçılığın inkişafı üçün yeni imkanlar açıb, kənd yerlərində məşğulluğun genişlənməsinə və fermerlərin iqtisadi marağının artmasına mühüm təsir göstərib. Çıxış edənlər qarşıya qoyulan hədəflərə nail olunacağına əminliklərini ifadə edərək aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, səsləndirdikləri təkliflərin yeni dövlət proqramının icrası prosesində nəzərə alınacağına inamlarını ifadə etdilər.
Sabirabadda keçirilən regional müşavirə bir daha göstərdi ki, pambıqçılığın inkişafı üzrə müəyyənləşdirilmiş hədəflərin həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur. Dövlət dəstəyi, fermerlərin zəhməti, müasir texnologiyalar və emal sənayesinin inkişafı qarşıdakı illərdə pambığın ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da artıracaq. Bu isə qeyri-neft sektorunun inkişafına, regionların sosial-iqtisadi tərəqqisinə və kənd insanının rifahının yüksəlməsinə xidmət edən mühüm amillərdən biri olacaq.



