AZERFAX TV

Son çarə budur: Məktəblərdə cəza olacaq

Sinqapur hakimiyyəti məktəblərdə zorakılıq və kiberbulinq daxil olmaqla digər şagirdlərə qarşı təhqir və təzyiq göstərən oğlan uşaqlarına qarşı fiziki cəza tətbiqinə icazə verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilir ki, qaydalara əsasən, təhqir və bullinq edən (həmyaşıdlarına və ya digər şagirdlərə qarşı davamlı, qəsdən və sistemli şəkildə güc tətbiq edən, onları alçaldan və ya təcrid edən) şagirdlər rotanq çubuğu ilə cəzalandırıla biləcək. Yeni intizam tədbirləri 9 və daha yuxarı yaşı olan oğlanlara şamil olunur.

Sinqapur Təhsil Nazirliyi bildirib ki, maksimum 3 zərbə vurula bilər və cəzanın ağırlığı pozuntunun dərəcəsindən asılı olacaq. Nazirliyin rəhbəri Desmond Li bu tədbiri “son çarə” adlandırıb.

Onun sözlərinə görə, fiziki cəza yalnız digər tərbiyə üsulları nəticə vermədikdə və ciddi pozuntu hallarında tətbiq ediləcək. Qərarın icrası məktəb direktoru tərəfindən təsdiqlənməli və yalnız səlahiyyətli müəllim tərəfindən həyata keçirilməlidir.

Həmçinin şagirdin yaş və psixoloji vəziyyəti nəzərə alınacaq, cəzadan sonra isə məktəb onun vəziyyətini izləyəcək və ehtiyac olarsa psixoloji dəstək göstərəcək.

Qız şagirdlərə isə fərqli intizam tədbirləri tətbiq olunacaq: dərsdən sonra saxlanılma, dərsdən uzaqlaşdırma və davranış qiymətinin aşağı salınması.

Qeyd edək ki, bu qərar məktəblərdə bullinqin artması ilə bağlı aparılan uzunmüddətli araşdırmalardan sonra qəbul edilib. Ötən il Sinqapur məktəblərində bir neçə qalmaqallı bullinq hadisəsi ictimai narazılıq yaratmışdı.

Xatırladaq ki, BMT-nin UNICEF təşkilatı isə uşaqlara qarşı fiziki cəzalara qarşı çıxır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada hər il təxminən 1,2 milyard uşaq ev şəraitində fiziki zorakılığa məruz qalır ki, bu da onların sağlamlığına və inkişafına ciddi zərər vurur.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button