Tramp Netanyahuya qarşı hərəkətə keçdi

Livanın “Al Akhbar” nəşri iddia edib ki, Türkiyə və Qətərin son həftələrdə hazırladığı regional təşəbbüs prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Donald Trampa təqdim olunub. Həmçinin Tramp bu plan çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahuya təzyiq göstərməyə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, nəşrin yazdığına görə, Ərdoğan Trampa bildirib ki, İsrailin Suriya və Livandakı hərbi fəaliyyəti, eləcə də bölgədəki siyasəti Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəblərindəndir.
O, İsrailin Suriya və Livan ərazilərindən geri çəkilməsinin vacibliyini vurğulayıb. Məlumata əsasən, təşəbbüsün məqsədi bölgədə siyasi və təhlükəsizlik sabitliyini təmin etməklə iri iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaratmaqdır.
Nəşr həmçinin yazıb ki, Tramp bu plana müsbət yanaşsa da, İsrail rəhbərliyini razı salmaqda çətinlik çəkir.
İsrail və Livan arasında birbaşa danışıqların altıncı raundunun hazırda İtaliyanın paytaxtı Romada davam etdiyi qeyd olunub.
Müəllif: Roza



