Türkiyənin “4 böyüklər”i birjada investorlarını məyus etdi

Türkiyənin “dörd böyük” futbol klubunun səhmləri ilin üçüncü rübündə investorlarına zərər gətirib.
AZERFAX.AZ xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, Borsa İstanbulda idman şirkətlərinin səhmlərini əhatə edən indeks üçüncü rübdə 18 faiz dəyər itirib.
Ən böyük geriləmə “Qalatasaray Sportif Sınai ve Ticari Yatırımları”nın səhmlərində qeydə alınıb. Klubun səhmləri üçüncü rübdə 22,5 faiz ucuzlaşıb.
“Qalatasaray”ı 21,3 faiz geriləmə ilə “Fənərbağça Futbol AŞ”, 12,1 faiz azalma ilə “Trabzonspor Sportif Yatırım ve Futbol İşletmeciliği” izləyib. “Beşiktaş Futbol Yatırımları Sanayi ve Ticaret AŞ”nin səhmləri isə bu dövrdə 4,8 faiz dəyər itirib.
Analitiklərin fikrincə, klubların Avropadakı çıxışları, sponsorluq müqavilələri və Türkiyə Super Liqasındakı nəticələri onların birjadakı səhmlərinin göstəricilərinə təsir edən əsas amillərdəndir.
İlin ilk yarısında da dalğalanma yaşanıb
İdman indeksi ilin ilk rübündə 16 faiz geriləyib. Həmin dövrdə “Fənərbağça”nın səhmləri 24,3 faiz, “Trabzonspor”un səhmləri 14 faiz, “Beşiktaş”ın səhmləri 11 faiz, “Qalatasaray”ın səhmləri isə 9,5 faiz ucuzlaşıb.
İkinci rübdə isə idman indeksində 5,3 faiz artım qeydə alınıb. Bu müddətdə “Beşiktaş”ın səhmləri 14,5 faiz, “Fənərbağça”nın səhmləri 14,3 faiz bahalaşıb. “Qalatasaray”ın səhmləri 2,9 faiz, “Trabzonspor”un səhmləri isə 1 faiz ucuzlaşıb.
Ən yüksək bazar dəyəri “Fənərbağça”dadır
Borsa İstanbulda səhmləri satılan dörd klub arasında ən yüksək bazar dəyərinə “Fənərbağça” sahibdir.
Klub sentyabr ayını 14,6 milyard lirə bazar dəyəri ilə başa vurub. “Qalatasaray”ın bazar dəyəri 10,7 milyard lirə, “Beşiktaş”ın 6,9 milyard lirə, “Trabzonspor”un isə 6 milyard lirə təşkil edib.



