Ulduzların sərmayə qoyduğu 6 klub

Futbolçular üçün karyeranı başa vurduqdan sonra məşqçilik və ya şərhçiliklə məşğul olmaq artıq yeganə seçim deyil. Son illərdə dünya futbolunun məşhur simaları klublara sərmayə qoyaraq onların sahibi və ya səhmdarına çevrilirlər.
AZERFAX.AZ Goal.com-a istinadən xəbər verir ki, bu tendensiyanın ən diqqətçəkən nümunələri arasında Lionel Messi, Kristiano Ronaldo, Kilian Mbappe, Vinisius Junior və Luka Modriç də var.
Lionel Messi – “Kornella”
Lionel Messi İspaniyanın 5-ci liqa təmsilçisi “UE Kornella”nı satın alaraq klubun 100 faiz sahibi olub. Barselonanın cənub-qərbində yerləşən klub Messi üçün xüsusi əhəmiyyət daşıyır. Argentinalı ulduz uzun illər Barselonada çıxış edib və “Kornella”nın akademiyasından Jordi Alba, Cerard Martin və David Raya kimi futbolçular yetişib.
Messinin klubun inkişafında əsas məqsədlərindən biri Kataloniyada yerli istedadların üzə çıxarılmasıdır. Onun gəlişindən sonra “Kornella”nın sosial şəbəkələrdəki populyarlığı da ciddi şəkildə artıb.
Messi həmçinin Luis Suareslə birlikdə Uruqvayın 4-cü liqasında çıxış edən “Deportivo LSM” klubunun da sahibidir.
Kristiano Ronaldo – “Almeriya”
Kristiano Ronaldo isə İspaniyanın “Almeriya” klubunun 25 faiz hissəsini alıb. Portuqaliyalı ulduz bu sərmayəni CR7 Sports Investments şirkəti vasitəsilə həyata keçirib.
Ronaldo İspaniya futbolunu yaxşı tanıyır. O, 2009-2018-ci illərdə “Real Madrid”də çıxış edib, iki La Liqa və dörd Çempionlar Liqası tituluna sahib olub.
“Almeriya”nın əsas hədəfi La Liqaya qayıtmaqdır. Klub sonuncu dəfə 2024-cü ildə İspaniya çempionatının yüksək liqasında çıxış edib.
Vinisius Junior – “Alverka”
“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior da Portuqaliyanın “Alverka” klubuna sərmayə qoyub. O, 2025-ci ildə klubun əksər hissəsini alan investor qrupuna qoşulub.
“Alverka” ötən mövsüm Portuqaliya yüksək liqasına qayıdıb və çempionatda 10-cu yeri tutub. Vinisiusun klubda daha çox investor kimi, arxa planda fəaliyyət göstərdiyi bildirilir.
Kilian Mbappe – “Kan”
Kilian Mbappe 2024-cü ildə Fransanın “Kan” klubunun nəzarət paketini əldə edib. “Real Madrid”in hücumçusu bu sərmayəni özünün “Coalition Capital” şirkəti vasitəsilə həyata keçirib.
Lakin Mbappenin klub sahibliyi ilk mərhələdə uğurlu olmayıb. “Kan” 2024/25 mövsümünü 18-ci pillədə başa vuraraq 41 ildən sonra üçüncü liqaya düşüb.
Klub hazırda yenidən Liqa 2-yə qayıtmaq üçün mübarizə aparır.
Luka Modriç – “Suonsi Siti”
“Real Madrid”dəki uzunmüddətli karyerasını başa vurduqdan sonra Luka Modriç İngiltərənin “Suonsi Siti” klubuna azlıq səhmdarı kimi qoşulub.
Xorvatiyalı futbolçu klubun inkişaf strategiyasına yaxından maraq göstərir və potensial transferlərlə bağlı danışıqlarda da iştirak edir.
Modriçin sərmayəsindən sonra “Suonsi Siti”nin investorları arasında məşhur reper Snoop Doqq və amerikalı televiziya siması Marta Stüart da yer alıb.
Futbolçuların yeni rolu
Messi və Ronaldo kimi dünya səviyyəli ulduzların klub sahibliyinə keçməsi futbol biznesində yeni tendensiyanın formalaşdığını göstərir. Artıq futbolçular yalnız meydandakı performansları ilə deyil, sərmayələri, marketinq imkanları və qlobal tanınmışlıqları ilə də klubların inkişafına təsir göstərirlər.
Onların arasında David Bekhem, Ronaldo Nazario, Cerard Pike, Zlatan İbrahimoviç, Tyerri Anri və Sesk Fabreqas kimi keçmiş ulduzlar da müxtəlif klublarda sahib və ya səhmdar kimi fəaliyyət göstərirlər.



