Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi

Arabesk musiqisinin məşhur simalarından biri, müğənni Canseverlə bağlı kədərli xəbər gəlib.
AZERFAX.AZ “Son Dakika”ya istinadla xəbər veir ki, ötən ilin dekabrında leykoz (qan xərçəngi) diaqnozu qoyulan, Almaniyada sümük iliyi köçürülən 59 yaşlı ustad sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Cansever son paylaşımında vaxtaşırı hərarət problemi yaşadığını və təzyiqinin aşağı düşdüyünü bildirmişdi.
Məşhur sənətçi demişdi: “Canlar, narahat olmayın. Allahın izni ilə bu da keçəcək. Çox yazan və zəng edən var. Danışa bilmirəm, yaza bilmirəm. Daim serum və antibiotik qəbul edirəm, fasiləsiz olaraq uzanıram”.
Əsl adı Cansevər Dalipova olan sənətçi 1967-ci il iyulun 8-də Şimali Makedoniyanın Veles şəhərində anadan olub. Yeddi uşaqlı ailənin ən kiçik övladı kimi böyüyən sənətçi, kiçik yaşlarından musiqiyə maraq göstərib. Hələ 12 yaşındaykən keçirdiyi qəza nəticəsində gözünün birini itirən Cansever bütün çətinliklərə baxmayaraq musiqidən ayrılmayıb. Peşəkar musiqi karyerasına 1992-ci ildə Şimali Makedoniyada yayımladığı “Kemano Başal E Romenge” albomu ilə başlayıb.
Canseverin Türkiyədə tanınmasını təmin edən ən mühüm dönüş nöqtəsi isə 1997-ci ildə İbrahim Tatlısesin təqdim etdiyi “İbo Show” verilişinin qonağı olması olub. Verilişdə səsləndirdiyi “Kara Çadır” mahnısı ilə böyük rəğbət qazanan sənətçi həmin il “Meçhul” albomunu buraxaraq Türkiyə musiqi bazarına güclü giriş edib. Qaraçı musiqisini, Balkan motivlərini və arabesk musiqisini özünəməxsus tərzi ilə birləşdirən Cansever “Kara Çadır”, “Cemalim”, “Kime Bu İnat” və “Yollar Hasta Ben Yorgunum” kimi əsərlərlə geniş pərəstişkar kütləsi qazanıb.
Hüseyn İbadlı



