Zelenski ilə MKİ rəhbərinin qeyri-adi görüşü: Təyyarəyə yanacaq doldurularkən…

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff İrlandiyanın Şennon Hava Limanında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, görüş sentyabrın 21-də baş tutub. Digər mənbə isə bildirib ki, danışıqlar Retkliff və Zelenskinin təyyarələrinə yanacaq doldurulduğu zaman keçirilib.
Görüşün məzmunu barədə məlumat verilməyib.
Qeyd edək ki, bu ayın əvvəlində “Financial Times” MKİ rəhbərinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda daha fəal rol oynamağı planlaşdırdığını yazmışdı. Daha sonra MKİ-nin mətbuat xidmətinin rəhbəri Liz Leyons bu məlumatın “həqiqətə uyğun olmadığını” bildirmişdi.



