10 ay yerə enmir – Bu quşun həyat tərzi heyrət doğurur


Təbiətdə elə bir quş var ki, həyatının böyük hissəsini göy üzündə keçirir. Aylarla yerə qonmadan uçan, havada qidalanan və su içən bu canlı alimlərin də diqqətini çəkib.
AZERFAX.AZ xəbər verir ki, söhbət qara uzunqanaddan gedir. Araşdırmalar göstərib ki, bu quş çoxalma mövsümündən kənar təxminən 10 ay ərzində vaxtının 99 faizindən çoxunu havada keçirir.
2016-cı ildə İsveç alimlərinin apardığı tədqiqat zamanı xüsusi izləmə cihazları vasitəsilə quşların hərəkətləri müşahidə edilib. Bəzi fərdlərin aylarla heç yerə qonmadığı müəyyənləşdirilib.
Qara uzunqanad havada uçan həşəratlarla qidalanır, su ehtiyacını isə su hövzələrinin üzərindən alçaqdan uçaraq ödəyir. Alimlər onun uçuş zamanı qısa istirahət və yuxu mərhələlərindən istifadə edə biləcəyini düşünürlər. Lakin bu mexanizm hələ tam öyrənilməyib.
Quşun qısa ayaqları və uzun, ensiz qanadları da uçuş həyatına uyğunlaşıb. O, əsasən yuva qurmaq və balalarını böyütmək üçün yerə qayıdır.
Qara uzunqanad xalq arasında bəzən ebabil quşu adlandırılsa da, onun Qurani-Kərimdə adı çəkilən əbabil quşları ilə eyni növ olduğunu təsdiqləyən elmi sübut yoxdur.
Maraqlıdır ki, bu quş yalnız qeyri-adi uçuş qabiliyyəti ilə deyil, uçan həşəratların sayının təbii tənzimlənməsindəki rolu ilə də seçilir.



