Ölkə

22 manata aldığı üzük 1,5 milyonluq almaz çıxdı

İngiltərədə ikinci əl bazarından cəmi 10 sterlinqə, təxminən 22 manata alınan üzüyün əsl dəyəri 30 ildən sonra məlum olub. Adi və dəyərsiz bəzək əşyası hesab edilən üzüyün üzərindəki daşın 26 karatlıq həqiqi almaz olduğu üzə çıxıb.

AZERFAX.AZ xəbər verir ki, hadisə İngiltərənin Islevorth şəhərində baş verib. Üzüyü 1980-ci illərin sonunda ikinci əl bazarından alan şəxs onun üzərindəki daşı uzun illər saxta hesab edib və üzükdən gündəlik həyatda istifadə edib.

Üzüyün adi görünüşü və daşın kifayət qədər parlamaması sahibinin diqqətini cəlb etməyib. Lakin illər sonra bir zərgərin məsləhəti ilə üzüyü mütəxəssislərə göstərən şəxs gözlənilməz nəticə ilə qarşılaşıb.

Araşdırma üçün üzük “Sotheby’s” vasitəsilə Amerika Gemologiya İnstitutuna göndərilib. Ekspertiza nəticəsində daşın 26,27 karat ağırlığında, VVS2 təmizlik dərəcəsinə və I rəng göstəricisinə malik olduğu müəyyənləşib. Mütəxəssislər almazın XIX əsrə aid olduğunu və köhnə “cushion” kəsim üsulu ilə hazırlandığını təsdiqləyiblər.

Mütəxəssislərin sözlərinə görə, almazın uzun illər ərzində diqqətdən kənarda qalmasının əsas səbəblərindən biri onun kəsim xüsusiyyətləri olub. XIX əsrdə əl işçiliyi ilə hazırlanan bu cür daşlar müasir almazlar kimi işığı güclü əks etdirmədiyindən daha az parlaq görünə bilər.

“Onluq” adı verilən üzüyün ilkin olaraq 250-350 min sterlinq arasında satılacağı gözlənilsə də, hərracın nəticəsi bu proqnozu xeyli üstələyib. Üzük Londonda keçirilən “Sotheby’s” hərracında 656 min 750 sterlinqə, təxminən 1,5 milyon manata satılıb.

Related Articles

Bir cavab yazın

Back to top button