4 dişi olan heyvan – Necə qidalanır?


Dünyanın ən iri heyvanlarından biri cəmi 4 dişlə necə qidalana bilər? İlk baxışdan təəccüblü görünsə də, söhbət fillərdən gedir və onların diş quruluşu digər məməlilərdən xeyli fərqlənir.
AZERFAX.AZ xəbər verir ki, yetkin filin ağzında eyni vaxtda cəmi 4 əsas azı dişi olur. Çənənin hər tərəfində bir diş yerləşir. Bu dişlər adi dişlərdən çox böyükdür və səthi xüsusi çıxıntı və zolaqlarla örtülüdür. Məhz bu quruluş filə ot, yarpaq, budaq, kök və qabıq kimi sərt bitkiləri əzib üyütməyə imkan verir.
Filin qidalanmasında əsas yük isə xortumunun üzərinə düşür. Heyvan xortumu ilə yarpaq və budaqları qoparır, qidanı ağzına aparır, daha sonra isə güclü azı dişləri ilə onu xırdalayır. Bu səbəbdən filin yalnız dörd dişinin olması onun qidalanmasına maneə yaratmır.
Daha maraqlısı budur ki, fil həyatı boyu yalnız həmin 4 dişlə kifayətlənmir. Onun azı dişləri arxadan önə doğru hərəkət edərək köhnəlmiş dişləri əvəz edir. Fil ömrü ərzində 6 dəst azı dişindən istifadə edə bilər. Hər yeni dəst əvvəlkindən daha böyük və davamlı olur.
Fillər günün böyük hissəsini qidalanmağa sərf edir. Asiya fili təxminən gündə 74-150 kiloqram bitki mənşəli qida qəbul edə bilər. Bu isə dörd dişin üzərinə düşən yükün nə qədər böyük olduğunu göstərir.
Filin sirri dişlərinin sayında deyil, onların böyüklüyündə, quruluşunda və mütəmadi olaraq yenilənməsindədir.



