ABŞ Putinlə Zelenskini görüşdürmək istəyir


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya səfəri zamanı Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında üçtərəfli görüş keçirilməsini təklif etdiyi iddia olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Axios”a anonim mənbələr məlumat verib. Bildirilir ki, Retkliffin ötən həftə Moskvaya səfərinin əsas məqsədlərindən biri Rusiyanın yüksək səviyyəli kəşfiyyat rəsmilərinin Putini Ukrayna ilə danışıqları bərpa etməyə razı salmaq imkanlarını müzakirə etmək olub. Mənbələr CIA rəhbərinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu diplomatik prosesin yenidən başlamasına kömək edə biləcək konstruktiv tərəf kimi qiymətləndirdiyini deyiblər.
Qeyd edək ki, Donald Tramp Con Retkliffin səfərinin adi işgüzar xarakter daşıdığını iddia etmişdi. ABŞ Prezidenti səfərin Rusiyanı NATO ərazisinə hücum etməkdən çəkindirmək məqsədi daşımadığını vurğulayıb. “The New York Times” isə Retkliffin Moskva səfəri zamanı Bortnikova Ukrayna ilə razılaşma əldə etməyin vacibliyini çatdırdığını yazıb.



