Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?


Ağcaqanadların bəzi insanlara digərlərinə nisbətən daha çox yönəlməsi təsadüfi deyil. Aparılan elmi araşdırmalar bu həşəratların insanları seçərkən bir sıra bioloji və kimyəvi amillərə əsaslandığını göstərir.
AZERFAX.AZ xəbər verir ki, araşdırmalara görə, ağcaqanadların hədəf seçməsində bədən qoxusu, bədən istiliyi və nəfəs vasitəsilə xaric olunan karbon qazı əsas rol oynayır. Yalnız dişi ağcaqanadlar insanları dişləyir və onlar inkişaf etmiş hiss orqanları sayəsində uyğun hədəfi müəyyən edirlər.
Alimlər bildirir ki, ağcaqanadlar onlarla metr uzaqlıqdan belə insanın nəfəsindəki karbon qazını hiss edə bilir. Hədəfə yaxınlaşdıqca isə bədən qoxusu, dərinin temperaturu və rütubət kimi faktorlar daha da önəm qazanır.
Araşdırmalar göstərir ki, ağcaqanadların insanlara yönəlməsi qan qrupu, göz və ya saç rəngi ilə əlaqəli deyil. Əsas fərqləndirici amil isə insan dərisində yaranan kimyəvi birləşmələrdir.
Xüsusilə “1-okten-3-ol” adlı maddənin miqdarının yüksək olduğu insanlarda ağcaqanadların daha çox cəlb olunduğu müəyyən edilib. Bu birləşmə dəridəki yağların parçalanması nəticəsində əmələ gəlir və hətta kiçik dəyişikliklər belə cəlbediciliyi artıra bilir.
Bundan başqa, tədqiqatlar alkoqollu içkilərin, xüsusilə pivənin də ağcaqanadları cəlb etmə ehtimalını artırdığını göstərir. Alkoqol bədən istiliyini yüksəldir, nəfəsdə karbon qazının miqdarını artırır və dəridəki qoxu profilini dəyişir.
Mütəxəssislər ağcaqanad sancmalarından qorunmaq üçün bədəni örtən geyimlərdən istifadə etməyi, ağcaqanad torları və qoruyucu vasitələrdən yararlanmağı, həmçinin alkoqollu içkilərdən uzaq durmağı tövsiyə edirlər.



