Azərbaycanın büdcə profisiti 2026-cı ildə ÜDM-in 5 %-nə çata bilər

Beynəlxalq maliyyə qrupu ING 2026-cı il üzrə yenilənmiş iqtisadi proqnozunda Azərbaycanın dövlət maliyyəsinin və xarici balansının möhkəmlənəcəyini gözlədiyini açıqlayıb.
AZERFAX.AZ agentliyinin ING-nin hesabatına istinadən verdiyi məlumata görə, maliyyə qrupu 2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin profisitinin ümumi daxili məhsulun (ÜDM) 5 %-ni, cari əməliyyatlar hesabının profisitinin isə ÜDM-in 11 %-ni təşkil edəcəyini proqnozlaşdırır.
ING analitiklərinin qiymətləndirməsinə əsasən, Azərbaycan qlobal enerji daşıyıcılarının qiymətlərindəki artımdan faydalanan əsas ölkələrdən biri olaraq qalır. Hesabatda qeyd olunur ki, enerji sektorundan əldə olunan yüksək gəlirlər və ölkənin enerji diplomatiyasının genişlənməsi iqtisadi göstəriciləri dəstəkləyən əsas amillərdir.
Analitiklər həmçinin Azərbaycanın enerji və nəqliyyat layihələri üzrə strateji mövqeyinin gücləndiyini bildirirlər. Hesabatda vurğulanır ki, “Azəri-Çıraq-Günəşli” yatağına beynəlxalq investisiyaların cəlb edilməsi istiqamətində işlər davam edir, Abşeron qaz yatağından Türkiyəyə qaz tədarükünü nəzərdə tutan 15 illik saziş imzalanıb. Bundan əlavə, Bakı–Supsa neft kəməri Qazaxıstan üçün alternativ ixrac marşrutu kimi qiymətləndirilir.
Bununla yanaşı, ING iqtisadiyyat üçün mövcud risklərə də diqqət çəkir. Hesabata görə, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya prosesləri, eləcə də qlobal iqtisadi artım tempinin zəifləməsi ölkə iqtisadiyyatına təsir göstərə biləcək əsas risk faktorları sırasında yer alır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



