“Azərikimya”da mühüm layihə: “İşlərin 95 faizi tamamlanıb”


SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində avtomatika və idarəetmə sistemlərinin yenilənməsini nəzərdə tutan modernizasiya və rekonstruksiya layihəsi aktiv fazadadır.
Bu barədə Mətbuat.az-a SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin proses direktoru Samir Səlimli məlumat verib.
O bildirib ki, hazırda müəssisənin Etilen istehsalatı sahəsində etilen və propilen əsas məhsullar kimi istehsal olunur:
“Etilen üzrə illik istehsal gücümüz 190 min ton, propilen üzrə isə 187 min ton təşkil edir. Bununla yanaşı, hidrogen, butilen-butadien fraksiyası, maye piroliz qatranı və ağır qatran kimi bir sıra yan məhsullar da istehsal olunur”.
Samir Səlimli qeyd edib ki, “Azərikimya” İstehsalat Birliyində aşağı sıxlıqlı yüksək təzyiqli polietilen istehsalatı, həmçinin buxar və elektrik enerjisi istehsalatı sahələri də fəaliyyət göstərir.
“Aşağı sıxlıqlı yüksək təzyiqli polietilen 1800–2500 bar təzyiq altında istehsal olunur. Daxili tələbat ödənildikdən sonra məhsulun qalan hissəsi xarici bazarlara, o cümlədən Türkiyə və Avropa ölkələrinə ixrac edilir”, – deyə proses direktoru bildirib.
Onun sözlərinə görə, buxar və elektrik enerjisi istehsalatı həm “Azərikimya”nın müəssisələrini, həm də SOCAR Polymer-i yüksək, orta və aşağı təzyiqli buxarla təmin edir:
“Eyni zamanda elektrik enerjisi istehsal olunur. Artıq qalan buxar hesabına istehsal edilən elektrik enerjisi SOCAR-ın digər müəssisələrinə və Sumqayıt elektrik şəbəkəsinə ötürülür”.
Mütəxəssis vurğulayıb ki, hidrogen həm müəssisədə, həm də SOCAR Polymer-də istifadə olunur.
“Azərikimya” İstehsalat Birliyində hidrogen selektiv hidrogenləşmə reaktorlarında tətbiq edilir. Burada əsas məqsəd etilen və propilenin tərkibində olan asetilen birləşmələrinin hidrogenləşdirilməsidir. SOCAR Polymer-də də hidrogen müəssisənin daxili tələbatının ödənilməsi məqsədilə istifadə olunur”.
İxrac potensialı barədə suala cavab verən müsahib qeyd edib ki, hazırda məhsulları Türkiyə, Çin, Estoniya və digər Avropa ölkələrinə ixrac olunur:
“İstehsal gücümüz SOCAR Polymer və “Azərikimya”nın daxili tələbatı nəzərə alınmaqla 2016–2021-ci illərdə həyata keçirilmiş layihə çərçivəsində əhəmiyyətli dərəcədə artırılıb. Etilen üzrə istehsal gücü 40 faiz, propilen üzrə isə 170 faiz artırılıb. Artıq beş ildir ki, qurğu bu istehsal gücü ilə fəaliyyətini davam etdirir”.
Samir Səlimli hazırda istehsal gücünün əlavə artırılmasının nəzərdə tutulmadığını, əsas diqqətin modernizasiya və rekonstruksiya işlərinə yönəldildiyini vurğulayıb:
“Hazırda aktiv fazada olan modernizasiya və rekonstruksiya layihəmiz mövcuddur. Layihə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir. Mühəndislik mərhələsinin 95 faizi tamamlanıb və növbəti ildən etibarən sahə işlərinə başlanılması nəzərdə tutulur. Hazırda istehsal gücünün əlavə artırılması ilə bağlı hər hansı layihəmiz yoxdur”.



