Berlin PUA insidentindən sonra Rusiyaya qarşı tədbirlər hazırlayır


Almaniya hökumətinin Leypsiq/Halle hava limanında baş verən partlayıcı yüklü pilotsuz uçuş aparatı (PUA) insidentindən sonra Rusiyaya qarşı genişmiqyaslı tədbirlər hazırladığı bildirilir.
AZERFAX.AZ xəbər verir ki, “Welt am Sonntag” qəzeti və “Politico”nun hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, Berlin Rusiyaya qarşı həm milli səviyyədə birbaşa addımlar atmağı, həm də Avropa İttifaqı çərçivəsində yeni sanksiyaların tətbiqini planlaşdırır.
Məlumata görə, avqustun əvvəlində Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında partlayıcı maddə ilə təchiz edilmiş PUA aşkarlanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir və Almaniya hökuməti indiyədək Rusiyanı rəsmi şəkildə məsul tərəf kimi elan etməyib.
Bununla belə, Almaniya mediasının yazdığına görə, hökumət Rusiyanın hadisənin arxasında dayandığı qənaətinə getdikcə daha çox yaxınlaşır. Kansler Fridrix Merts də insidentin arxasında kimin dayandığının yaxın zamanda açıqlanacağını bildirib.
Berlinin hazırladığı tədbirlər paketinin gələn həftə İrlandiyada keçiriləcək Aİ xarici işlər nazirlərinin toplantısı ilə eyni dövrdə açıqlana biləcəyi bildirilir.



