Ölkə

“Böyük Qayıdış”ın yeni ünvanı: Soltanlı

Qarabağ və Şərqi Zəngəzurda bu gün böyük quruculuq işləri aparılır. Cəmi 6 il əvvəl yalnız dağıntıları ilə xatırlanan şəhər və kəndlərdə indi yeni həyatın izləri görünür. Müasir yollar çəkilir, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, uşaq bağçaları, sosial və inzibati obyektlər tikilir. Şübhəsiz ki, bütün bunların arxasında isə ilk növbədə torpaqlarımızın işğaldan azad edilməsini təmin edən böyük siyasi iradə və qətiyyət dayanır.

AZERFAX.AZ xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ərazi bütövlüyünü bərpa etdi. Dövlət başçısının bu istiqamətdə göstərdiyi qətiyyət, siyasi iradə və ardıcıl fəaliyyət nəticəsində milyonlarla insan üçün illər boyu əlçatmaz görünən qayıdış arzusu reallığa çevrildi. Bu gün Böyük Qayıdış həmin Zəfərin məntiqi davamıdır.

Cəbrayıl rayonunun Soltanlı kəndi də bu böyük qayıdışın yeni ünvanlarından biridir. Araz çayının yaxınlığında, mühüm nəqliyyat yollarının üzərində yerləşən kənd işğaldan əvvəl Cəbrayılın yaşayış məntəqələrindən biri olub. İndi isə Soltanlı yenidən qurulur. Kəndin Baş planı müasir şəhərsalma prinsipləri əsasında hazırlanıb, yaşayış və sosial infrastrukturun yaradılması nəzərdə tutulub. İlk sakinlərin doğma yurda qayıdışının bu ilin noyabr-dekabr aylarında həyata keçirilməsi gözlənilir. İllərlə həsrətini çəkdikləri gün Soltanlı sakinləri üçün artıq uzaq bir arzu deyil.

Bir kəndin yenidən doğuluşu

Soltanlı kəndinin təməli 2023-cü il noyabrın 24-də qoyulub. Baş planın ümumi sahəsi təxminən 399 hektardır. Perspektivdə burada 6100 nəfərin, yəni 1525 ailənin yaşaması nəzərdə tutulur. Layihədə fərdi yaşayış evləri ilə yanaşı, çoxmənzilli binaların da tikilməsi planlaşdırılıb. Kənddə inzibati bina, klub-icma mərkəzi, məktəb, uşaq bağçası, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai iaşə obyektlərinin yaradılması nəzərdə tutulur. Əhalinin məşğulluğu üçün kənd təsərrüfatı məhsullarının saxlanması və emalı, toxuculuq, sənətkarlıq və heyvandarlıq istiqamətində obyektlərin yaradılması da layihəyə daxil edilib.

Hazırda kənddə 420 fərdi yaşayış evi inşa edilir. Qarabağ və Şərqi Zəngəzurun bir çox şəhər və kəndlərində olduğu kimi, tarixə şahidlik edən qədim Soltanlıda da tikinti işləri sürətlə davam edir. Son məlumatlara görə, ilin sonunadək Soltanlıya ilk sakinlərin köçürülməsi planlaşdırılır. Bu, Cəbrayıl rayonunda Böyük Qayıdışın növbəti mühüm mərhələsi olacaq.

Amma Soltanlını yalnız rəqəmlərlə təsvir etmək mümkün deyil. Çünki burada tikilən hər evin arxasında bir ailənin taleyi, bir insanın xatirəsi, illərlə qorunan bir ümid dayanır.

Adilə xanımın gözlədiyi gün

Adilə Verdiyeva Soltanlı sakinidir, təqaüdçüdür. Onun üçün doğma kəndə qayıdış sadəcə yaşayış yerinin dəyişdirilməsi deyil. Bu, ömrünün 33 ilini əhatə edən həsrətin sona çatması, uşaqlığının və gəncliyinin keçdiyi torpağa yenidən qovuşmasıdır.

Adilə xanım illərlə gözlədiyi günün artıq yaxınlaşdığını düşünür. Qarşıda onu həm sevinc, həm də kövrəkliklə dolu günlər gözləyir.

“İnsan doğulduğu yeri heç vaxt unutmur. İllər keçsə də, doğma kəndin hər küçəsi, hər evi, hər ağacı insanın yadında qalır. Mən Soltanlıya qayıdacağım günü çoxdan gözləyirəm. İndi bu günün yaxınlaşdığını bilmək mənə həm böyük sevinc, həm də qəribə bir həyəcan yaşadır. İnşallah, yenidən doğma torpaqda səhər açacağıq. Doğma kəndimlə bağlı saysız-hesabsız arzularım var. Bu arzuların gerçək olacağını düşünəndə qəlbim fərəh hissi ilə dolub-daşır, sevincimin həddi-hüdudu olmur”, – Adilə Verdiyeva belə deyib.

Şəhid ailəsinin sevinci

Malik Akifoğlu Soltanlı sakinidir, şəhid ailəsinin üzvüdür. Onun üçün doğma torpağa dönüşün mənası daha dərindir. Bu torpaqların azadlığı uğrunda həyatını itirən insanların xatirəsi Soltanlıya qayıdan hər bir ailə ilə birlikdə yaşayacaq.

“Bu torpağa qayıtmaq bizim üçün çox böyük hadisədir. Şəhidlərimizin qanı bahasına azad olunan torpaqlara indi alnıaçıq qayıdırıq. Bu hissi sözlə ifadə etmək çətindir. Bir tərəfdən böyük sevinc keçirirəm, digər tərəfdən şəhidlərimizi düşünürəm. Kaş onlar da bu günləri görəydilər. Kaş, Birinci Qarabağ Müharibəsində şəhid olan qardaşım Mais kəndimizin bu gününü görəydi. İnanıram ki, onların ruhu da bu qayıdışdan xəbərdardır”, – Malik Akifoğlu bildirib.

Müşfiq Hüseynov: müharibədən qayıdışa

Müşfiq Hüseynov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, torpaq itkisinin ağrısını da, müharibənin ağır günlərini də görüb. İllər əvvəl doğma torpaqların işğal altında qalması ilə başlayan həsrət indi tamamilə başqa mənzərə ilə əvəzlənir.

Bir vaxtlar müharibənin izlərini daşıyan ərazilərdə bu gün yeni evlər, yollar və sosial obyektlər tikilir. Soltanlıda aparılan genişmiqyaslı quruculuq işləri də bunun bariz nümunəsidir.

Müşfiq Hüseynov hisslərini belə ifadə edib: “Biz çətin və məşəqqətli köçkünlük illərində təsəvvür edə bilməzdik ki, bir gün Soltanlıya belə gözəl şəkildə qayıdacağıq. Müharibəni görmüş insan üçün bu mənzərə çox təsirlidir. Bir vaxtlar torpaqlarımızı itirmişdik, indi isə həmin torpaqlarda yeni həyat qurulur. Mənim üçün Soltanlıya qayıtmaq həm böyük sevincdir, həm də keçmişi xatırladan bir gündür. Ən böyük arzum doğma kəndimizin yenidən insanlarla dolu günlərini görməkdir”.

Qayıdışın səsi

Cəbrayılın digər kəndlərində Böyük Qayıdış artıq real həyatda özünü göstərir. Şükürbəyliyə 2026-cı ilin avqustunda daha 15 ailənin, 86 nəfərin köçürülməsi bunun nümunəsidir. İnsanlar doğma yurda qayıdarkən dövlət qayğısından, yaradılan şəraitdən danışır, torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edirlər.

İndi növbə Soltanlıya çatır.

Kəndin küçələrində yenidən həyat başlayacaq. Həyətyanı sahələrdə ağaclar əkiləcək, evlərdə işıqlar yanacaq, uşaqların səsi eşidiləcək. İllərdir ayrı düşmüş qonşular yenidən bir-birinə salam verəcək. Bəlkə də illər əvvəl kənddən çıxarkən ürəklərində saxladıqları ən böyük arzu elə bu idi: bir gün yenidən Soltanlıda səhər açmaq.

Böyük Qayıdışın mahiyyəti də məhz budur: insanın doğulduğu, böyüdüyü, xatirələrinin yaşadığı torpağa qayıtması.

Soltanlı sakinləri üçün isə bu qayıdışın bir adı var:

Evə dönüş.

Aynur Abdınova / AZERFAX.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.

afrxsanjiv.webp

Related Articles

Bir cavab yazın

Back to top button