Ölkə

Çində 30 milyon tondan çox uran ehtiyatı aşkarlandı

Çinin Ordos səhrasında böyük uran ehtiyatının aşkarlanıb. Həcminin 30 milyon tondan çox olduğu bildirilən yataq ölkənin nüvə enerjisi sahəsindəki planları baxımından mühüm kəşf kimi qiymətləndirilir.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, Çində aparılan kəşfiyyat işləri nəticəsində Ordos səhrasının dərinliklərində böyük uran yatağı müəyyən edilib. Sərt iqlim şəraitinə baxmayaraq, ərazidə müasir texnologiyalardan istifadə olunmaqla geniş axtarış işləri aparılıb.

Yeni yatağın aşkarlanması Çinin uran idxalından asılılığının azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda Qazaxıstan, Kanada, Avstraliya və Namibiya dünya uran bazarının əsas istehsalçıları sırasında yer alır.

Çin son illərdə nüvə enerjisinin inkişafına böyük sərmayələr yatırır. Ölkədə hazırda 11 yeni nüvə reaktorunun tikintisi davam edir. Pekin bununla yanaşı, günəş və külək enerjisindən istifadə imkanlarını da genişləndirir. Beləliklə, müxtəlif enerji mənbələrini bir arada inkişaf etdirməyə çalışır.

Nəhəng uran ehtiyatının aşkarlanması ilə yanaşı, onun gələcəkdə necə işlənəcəyi də diqqət mərkəzindədir. Mütəxəssislər radioaktiv tullantıların təhlükəsiz idarə olunmasının, səhranın məhdud su ehtiyatlarının qorunmasının və mədən işçilərinin sağlamlığının təmin edilməsinin vacib olduğunu vurğulayırlar.

Məlumata görə, yeni uran ehtiyatı Çinin uzunmüddətli enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıya bilər.

Related Articles

Bir cavab yazın

Back to top button