Cüneyt Çakırın yeni iş yeri bilindi


FİFA kokartlı sabiq türkiyəli hakim Cüneyt Çakır Rusiya Futbol Federasiyası ilə uzunmüddətli müqavilə imzalayıb.
AZERFAX.AZ xəbər verir ki, Çakır ilk mərhələdə Rusiyada hakimlərin təlimi və inkişafı istiqamətində çalışacaq. Bildirilir ki, onun əsas vəzifələrindən biri ölkə üzrə hakim hazırlığının vahid sistem əsasında qurulması olacaq. Çakır yeni vəzifəsi ilə bağlı açıqlamasında bu təklifin ötən ilin sonlarında gündəmə gəldiyini və daha sonra tərəflər arasında danışıqların davam etdiyini deyib. O, dünya çempionatında çalışdığı dövrdə bu istiqamətdə qərar verdiyini və ortaq məqsəd uğrunda fəaliyyət göstərməyin onun üçün vacib olduğunu bildirib.
Çakır bundan əvvəl çalışdığı Gürcüstandakı fəaliyyətindən əldə etdiyi təcrübəni Rusiyada da tətbiq etməyi planlaşdırdığını söyləyib. Məlumata görə, o, Gürcüstanda hakim akademiyasının yaradılmasında iştirak edib və beynəlxalq səviyyədə oyun idarə edən gənc hakimlərin yetişdirilməsinə töhfə verib.



