Güclü “12-ci oyunçu”su olan “Kəpəz”

Bəzi idman növlərində, xüsusən futbolda belə bir termin var: 12-ci oyunçu. Çoxları üçün bu adi səslənsədə futbolçular, məşqçilər və ümumilikdə futbol komandaları üçün bu çox önəmli və vacib bir amildir. Söhbət azarkeşlərdən gedir. Ümumiyyətlə bütün idman növləri qarşılıqlı mübarizədən başqa həm də azarkeşlərin matça təsiri sadəcə vizual gözəllikdən ibarət deyil. Onlar oyunun gedişatını birbaşa dəyişə biləcək gücə malikdirlər. Ev sahibi komanda arxasında minlərlə insanın ritmik alqışını və şüarlarını hiss etdikdə yorğunluğunu unudur, daha aqressiv və motivasiyalı oynayırlar. Doğma azarkeşlər qarşısında komanda daha məsuliyyətli olur və rəqiblə bütün gücünü ortaya qoymağa, azarkeşləri sevindirməyə can atırlar. Bundan başqa hücum edən rəqib oyunçu hər dəfə topu alanda tribunaların fit sədaları və təzyiqi ilə qarşılaşır. Bu, rəqibdə stress yaradır, diqqəti dağıdır və səhv etmə ehtimalını artırır.

Gəncə şəhəri Azərbaycan futbolunun beşiyi adlandırılır. Bu şəhər ölkə idmanının tarixində misilsiz bir yerə sahibdir. Nizami yurdu təkcə qədim tarixi, mədəniyyəti, dünyaya bəxş etdiyi şəxsiyyətləri ilə deyil, həm də yaşıl meydanlara bəxş etdiyi əfsanəvi futbolçuları, sadiq azarkeş ordusu və zəngin futbol ənənələri ilə seçilir.
Gəncədə futbolun tarixi ötən əsrin əvvəllərinə, 1920-ci illərə təsadüf edir. Bölgədə bu idman növünə olan böyük maraq, 1959-cu ildə ilk rəsmi klub olan “Toxucu” komandasının yaranması ilə peşəkar müstəviyə qədəm qoyub. Sonradan “Kəpəz” adını alan bu kollektiv, paytaxt təmsilçisi “Neftçi”dən sonra ölkənin ən köklü və ikinci ən uğurlu komandasına çevrildi. SSRİ dövründə Gəncə futbolu güclü akademiyası və özünəməxsus oyun üslubu ilə ittifaq miqyasında adından söz etdirməyi bacarmışdı. Elə ilk dövrlərdən də Gəncənin futbol azarkeşləri doğma komandalarını daim dəstəkləyərək, sadiq azarkeş kimi həmişə “12-ci” oyunçu rolunu oynayıblar.

Gəncə azarkeşi futbolu sadəcə sevdiyi üçün yox, onu dərindən anladığı və hiss etdiyi üçün izləyir. Hələ 1990-cı illərdə regional çempionatlarda Gəncə şəhər stadionu respublika üzrə ən çox tamaşaçı toplayan arena idi. Burada futbola yanaşma bir ailə ənənəsidir; babadan nəvəyə ötürülən bir ehtirasdı.
Tarixə nəzər salsaq görərik ki, 1968-ci ildə “Kəpəz” (həmin dövrdəki rəsmi adı ilə “Dinamo Kirovabad“) SSRİ-nin ən güclü futbol liqası olan Güclülər Dəstəsində (A klassı, 1-ci qrup) çıxış edərək Gəncə şəhərinin futbol tarixinə ən parlaq və unikal səhifələrdən birini yazmışdır. Klub liqada debütant olmasına və turnir cədvəlinin sonlarında qərarlaşmasına baxmayaraq, Gəncə stadionunda SSRİ miqyasında böyük səs-küy doğuran azarkeş anşlaqları qeydə alınıb. Gəncədə ev oyunlarında orta azarkeş sayları təxminən 18 000 -22 000 tamaşaçı olurdu. Gəncəlilər doğma meydanda SSRİ-nin ən köklü klublarından olan MOİK (CSKA Moskva) komandasını Müzəffər Qasımovun rəhbərliyi altında 3 iyul 1968 ildə 1:0 hesabı ilə məğlub edəndə bu oyunda stadionda 18,000-dən çox rəsmi azarkeş izləmişdi.

Bir zamanlar Azərbaycan derbisi adlandırılan Kəpəz- Neftçi oyununda Gəncədəki rəqabət matçında stadion biletləri oyun tarixindən günlər öncə tükənmiş, stadiona gələ bilməyən minlərlə insan oyunu ətraf binaların damından izləmişdi.
Kəpəzin futbol tarixində bu kimi faktlar çoxdur. Hələ stadionun o qədər də yaxşı vəziyyətdə olmadığı dövrlərdə belə Kəpəz futbol klubunun fanat ordusu komandanı tək qoymurdu. Orta hesabla oyunlara 3000-4000 azarkeş doğma klubunu dəstəkləmək üçün stadiona gəlirdi.
Uzun illər Azərbaycan futboluna xidmət edən Gəncə şəhər stadionu, tribunalardakı qəzalı vəziyyət və infrastrukturun müasir tələblərə cavab verməməsi səbəbindən 2023-cü ildə rəsmi olaraq bağlandı. Bu müddət ərzində şəhərin doğma komandası olan “Kəpəz” ev oyunlarını Yevlax, Qəbələ və Tovuz kimi digər şəhərlərin stadionlarında – “köçəri” həyat şəraitində keçirməyə məcbur qaldı. Hətta bu vaxtlarda da sadiq azarkeşlər komandanı tək qoymurdular. Oyunlara kimi öz şəxsi avtomobiiləri ilə, kimisə də avtobuslarla doğma komanlarını dəstəkləməkdə davam edirdilər.

Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamından sonra, 9 aprel 2024-cü ildə dövlət başçısının iştirakı ilə arenanın yenidən qurulması üçün rəsmi təməl qoyuldu və tikinti işlərinə start verildi və arenanın taleyində yeni səhifə açıldı. Təxminən 2 il müddətində Gəncə şəhhər stadionun inşası və beynəlxalq standartlara uyğunlaşdırılması işləri davam etdi.
2025-ci ildə sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində stadionun rəsmi açılışını reallaşdırdı. Bundan sonra arenada keçirilən ilk rəsmi irimiqyaslı tədbir 3-cü MDB Oyunlarının təntənəli açılış mərasimi oldu və şəhərin idman həyatında tarixi dönüş nöqtəsi olan bu hadisə arenanın beynəlxalq miqyasda tanınmasının əsasını qoydu.

İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq arena beynəlxalq tələblərə tam cavab verib. Gəncə şəhər stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb. Yeni kateqoriya Gəncə şəhər stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.

Gəncədə beynəlxalq standartlara cavab verən stadionun inşası və müasir infrastrukturun qurulması hamıdan çox şəhərin futbol ictimaiyyətinin sevincinə səbəb oldu. Bu arenada öz ev oyunlarını keçirəcək “Kəpəz” futbol klubunun kollektivi və çoxminlik çılğın kəpəzsevərlər ordusu stadionun açılışından ən çox sevinənlər oldular. Nəhayət ki, 3 il müddətdən sonra “Kəpəz” öz doğma azarkeşləri qarşısında, öz doğma meydanın rəqiblərini qarşılayacaqdı.
Əlbəttə illərdi gözləyən azarkeşlər dünən qərb derbisində sevincli anları yaşadılar. Doğma meydanda Tovuzun “Turan” klubunu qəbul etdiyi oyunda gəncəlilər 1:0 hesabı ilə qalıb gəldilər. Bu oyunda rəsmi stastikaya görə “qərb derbisini” 13 500 azarkeştribunadan canlı izləyib və Bu rəqəm cari mövsüm üçün Misli Premyer Liqasında qeydə alınan ən yüksək tamaşaçı sayı və mövsüm rekordu kimi tarixə düşüb.

Beləliklə “Kəpəz” doğma arenada qələbə ilə doğma azarkeşlərinə böyük sevinc yaşatdı. Gəncədə qazanılan bu qələbə, böyük azarkeş coşqusu yəqin ki, “Kəpəz” komandasını gələcək uğurlar üçün motivasiya edəcək.
Futbol idman növlərinin şahıdırsa, azarkeşlər də bu şahlığın tacıdır. 11 nəfər meydanda taktikanı icra edə bilər, lakin matça ruhu, ehtirası və canı verən məhz tribunadakı 12-ci oyunçudur. Gəncə klubunun artıq, dogma stadionu da var, “12-ci” oyunçusu da. Qalır bircə meydançada can qoyub, əsl futbol göstərmək, qələbələrin ardını gətirmək.
Məqsəd Rəhimov



