Ölkə

Ən çox insan ölümünə səbəb olan üç lider kimdir?

İlon Maskın şirkəti tərəfindən hazırlanan süni intellekt çatbotu Grok tarixdə ən çox insan ölümünə səbəb olduğu iddia edilən şəxslərin siyahısını təqdim edib.

AZERFAX.AZ xəbər verir ki, xarici KİV-in məlumatına görə, siyahıda birinci yeri Çin lideri Mao Tsedun, ikinci yeri monqol fatehi Çingiz xan, üçüncü yeri isə sovet lideri İosif Stalin tutub.

Grokun qiymətləndirməsinə əsasən, Mao Tsedunun hakimiyyəti dövründə aclıq, siyasi repressiyalar və Mədəni inqilab nəticəsində 40-70 milyon insan həyatını itirib. Çingiz xanın yürüşləri ilə əlaqələndirilən ölüm sayı 20-40 milyon, Stalinin hakimiyyəti dövründəki aclıq və repressiyaların qurbanlarının sayı isə 15-20 milyondan çox göstərilib.

Adolf Hitlerin ilk üçlükdə yer almaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Grok nasist rejiminin törətdiyi cinayətlər nəticəsində 11-17 milyon mülki şəxsin qətlə yetirildiyini qeyd edib.

Digər tərəfdən, ChatGPT tərəfindən hazırlanan alternativ siyahıda Hitler 17-30 milyon insanın birbaşa ölümü ilə əlaqələndirilərək üçüncü yerə yüksəlib. Bu siyahıda Mao Tsedun və Çingiz xan ilk iki yerdə qərarlaşıb, Stalin isə dördüncü olub.

Genişləndirilmiş siyahıda Tamerlan, Honq Syutsyan, Belçika kralı II Leopold, Çan Kayşi, Vladimir Lenin və Yaponiyanın keçmiş baş naziri Hideki Todzyu da yer alıb.

Qeyd edək ki, bu cür reytinqlər tarixi demoqrafik qiymətləndirmələrə əsaslanır. Ölüm sayları ilə bağlı rəqəmlər müxtəlif mənbələrdə fərqlənir və bütün hallarda birbaşa siyasi liderlərin məsuliyyəti kimi qiymətləndirilə bilməz.

Tarixin digər böyük faciələri arasında Pol Potun rəhbərlik etdiyi “Qırmızı kxmerlər” rejiminin Kambocada törətdiyi qətliamlar və 1994-cü ildə Ruandada baş verən soyqırımı da göstərilir. Kambocada təxminən 1,7-2 milyon, Ruandada isə 800 min-1 milyon insanın öldürüldüyü bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button