Göllərə 33 milyon balıq buraxdılar, peşman oldular


ABŞ-də vaxtilə balıq olmayan dağ göllərinə balıqçılığı inkişaf etdirmək məqsədilə milyonlarla alabalıq buraxılıb. Lakin illər sonra bu addımın yerli ekosistemə ciddi təsir göstərdiyi üzə çıxıb.
AZERFAX.AZ xarici mediaya istinadla xəbər verir ki, Sierra Nevada dağları və Yosemite ətrafındakı yüksək dağ göllərində aparılan araşdırmalara görə, yalnız Yosemite bölgəsində illər ərzində 33 milyondan çox balıq su hövzələrinə yerləşdirilib. Məqsəd isə balıqçılıq imkanlarını genişləndirmək olub.
Dağ göllərinin balıqlandırılması ənənəsi XIX əsrə gedib çıxır. İlk dövrlərdə alabalıqlar su ilə dolu qablarla at və qatırların köməyi ilə dağlara daşınıb. 1950-ci illərdən etibarən isə balıq balalarını göllərə çatdırmaq üçün təyyarələrdən istifadə olunmağa başlanıb.
Nəticədə Sierra Nevada bölgəsində əvvəllər balıq olmayan çoxsaylı göllərdə alabalıqlar məskunlaşıb. Əvvəllər iri göllərin 1 faizindən də azında təbii olaraq balıq olduğu halda, sonradan bu göstərici təxminən 63 faizə yüksəlib.
Lakin alabalıqların yerli ekosistemə mənfi təsiri zaman keçdikcə daha aydın ortaya çıxıb. Balıqlar əvvəllər həmin göllərdə olmayan yırtıcıya çevrilərək qurbağa balaları, salamandralar və su həşəratları ilə qidalanmağa başlayıblar.
Xüsusilə Sierra Nevada sarıayaqlı qurbağasının sayının azalmasında göllərə sonradan gətirilən balıqların da rolu olduğu müəyyən edilib. Bununla yanaşı, xəstəliklər və ətraf mühitdəki dəyişikliklər də bu növün azalmasına təsir göstərib.



