HƏR KƏS ÖZ PAYINI ALDI… – Prezidentin çoxünvanlı mesajları – Nicat Dağlar yazır

Prezident İlham Əliyevin dünən YAP-ın VIII Qurultayındakı çıxışında bir məqam vardı ki, məncə, ayrıca diqqətə layiqdir.
Dövlət başçısı açıq şəkildə dedi: “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil.”
Ardınca isə daha mühüm bir mesaj verdi: Azərbaycan nə əldə edibsə, bunu öz imkanları hesabına edib. Nə almışıqsa, pulla almışıq. Hətta silahları belə dünya qiymətinə almışıq.
Və sonra o cümlə…
“Heç kəs bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin.”
Ünvan göstərilmədi.
Amma məncə, buna ehtiyac da yox idi.
Çünki belə mesajların bəzən ünvanı olmur. Hər kəs öz ünvanını özü tapır.
Bu, sadəcə emosional çıxış deyildi. Bu, öz dövlətinin gücünə, xalqının iradəsinə və seçdiyi siyasi kursa əmin olan dövlət başçısının mövqeyi idi.
Çünki öz ayaqları üzərində dayanan dövlət başqasının əlindən tutub yol getmək məcburiyyətində deyil.
Azərbaycanın son onilliklərdə keçdiyi yolun əsas xəttində də məhz bu fikir dayanır: müstəqil siyasət, iqtisadi müstəqillik, güclü ordu və öz imkanlarına güvənmək. Prezident də çıxışında bunu Azərbaycanın dövlət strategiyasının əsas amilləri sırasında qeyd etdi.
Bəlkə də dünənki çıxışın ən güclü tərəfi elə bu idi:
Heç kimə düşmənçilik elan etmədən, heç kimdən icazə istəmədən, heç kimə hesabat vermədən öz dövlətinin haqqını və suveren iradəsini ortaya qoymaq.
Kimə nə mesaj verildi?
Bunu hər kəs özü müəyyənləşdirsin.
Amma bir şey aydındır:
Dosta da çatdı, yaxına da, uzağa da. Hər kəs öz payını aldı.



