Ölkə

İki pişiyi ilə 16 il adada yaşadı

Yeni Zelandiyalı Tom Neale insanların yaşamadığı adada qurduğu qeyri-adi həyatla tarixə düşüb. O, iki pişiyini də özü ilə apararaq Sakit okeandakı Suvarrou Atollunda müxtəlif dövrlərdə ümumilikdə 16 ilə yaxın təkbaşına yaşayıb.

AZERFAX.AZ xariic mediaya istinadla xəbər verir ki, Neale bu adanı ilk dəfə 1945-ci ildə ziyarət edib. Ən yaxın yaşayış məntəqəsindən 300 kilometrdən çox uzaqda yerləşən ərazi onun diqqətini çəkib və burada tək yaşamaq qərarına gəlib. Bu məqsədlə bir neçə il hazırlıq görərək un, şəkər, qəhvə, konservlər, yanacaq, müxtəlif alətlər, toxumlar və kitablar toplayıb.

Onun altı gün davam edən dəniz səfərində iki pişiyi – “Mrs. Thievery” və “Mr. Tom-Tom” da yanında olub. Adada İkinci Dünya müharibəsi zamanı istifadə edilmiş köhnə bir daxma və yağış sularının toplandığı çənlər vardı. Neale daxmanı təmir edərək burada məskunlaşıb.

Ada həyatında gündəlik ehtiyaclarını əsasən özü qarşılayıb. Balıq tutub, kokos toplayıb və yetişdirdiyi məhsullardan istifadə edib. Bununla yanaşı, səliqə-sahmana da xüsusi diqqət göstərib. Paltarlarını və yataq dəstlərini mütəmadi yuyub, yeməklərini masa arxasında yeyib.

Neale adadakı köhnə qayığı da bərpa etməyə çalışıb. Altı ay ərzində hər gün təxminən beş saat işləyərək mərcan daşlarını təkbaşına daşıyıb. Lakin bütün zəhməti güclü fırtına nəticəsində boşa çıxıb və təmir etdiyi qayıq ertəsi gecə dağılıb.

Onun adadakı ilk dövrü 1954-cü ildə belindən aldığı zədə səbəbindən başa çatıb. Daha sonra şəhər həyatına uyğunlaşa bilməyən Neale 1960-cı ildə yenidən adaya qayıdıb. 1963-cü ildə ərazidə mirvari ovçularının sayının artması səbəbindən adanı tərk edib və yaşadıqlarını “An Island to Oneself” adlı kitabda qələmə alıb.

1967-ci ildə Suvarrou Atolluna üçüncü dəfə qayıdan Neale burada daha 10 il yaşayıb. 1977-ci ildə mədə xərçəngi diaqnozu ilə Rarotonqaya aparılıb və həmin il 75 yaşında dünyasını dəyişib.

Nealeın həyatının ən diqqətçəkən tərəfi isə onun illərlə insanlardan uzaqda yaşamasına baxmayaraq özünü tənha hiss etməməsi olub. O, təbiətin qoynunda qurduğu bu həyat tərzini öz seçimi kimi qəbul edib.

Related Articles

Bir cavab yazın

Back to top button