Ölkə

İnnovativ layihələr necə sınaqdan keçiriləcək?

Azərbaycanda innovativ rəqəmsal həllərin real şəraitə yaxın, lakin nəzarət olunan mühitdə sınaqdan keçirilməsi üçün “sandbox” mexanizminin tətbiqi nəzərdə tutulur.

AZERFAX.AZ xəbər verir ki, təqdim olunan məlumata əsasən, “sandbox” mühitinin yaradılmasında əsas məqsəd fiziki və hüquqi şəxslərin təklif etdiyi innovativ rəqəmsal həllərin, o cümlədən süni intellekt texnologiyalarının sınaqdan keçirilməsi üçün təhlükəsiz mühitin formalaşdırılmasıdır.

Dövlətə məxsus kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslərin bu test mühitində iştirakına yol verilməyəcək. “Sandbox”un fəaliyyət müddəti, iştirakçılara nəzarət qaydaları, eləcə də iştirakçıların mövcud normativ hüquqi aktların müəyyən tələblərindən azad edilməsi və istisnaların tətbiqi qaydaları müvafiq dövlət orqanı tərəfindən müəyyən olunacaq.

Maliyyə sektoru üçün isə fərqli rejim nəzərdə tutulur. Qanunun maliyyə bazarlarında tətbiq edilən rəqəmsal həllərin sınağına şamil olunmaması planlaşdırılır. Maliyyə (Fintech) innovasiyalarının sınağı Mərkəzi Bank haqqında qanuna əsasən həyata keçiriləcək.

Bununla yanaşı, Mərkəzi Bank öz nəzarətində olan test mühitində iştirak edən subyektlərin sayı və sınaqların nəticələri barədə açıq məlumatları ildə iki dəfə – yanvar və iyul aylarının 10-dək aidiyyəti rəqəmsal inkişaf qurumuna təqdim edəcək.

Məsələni şərh edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə bildirib ki, “sandbox” mexanizminin tətbiqi ilə bağlı prosedurların hüquqi əsasları artıq formalaşdırılıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə dövlət orqanları və qurumlarında bu mexanizmin həyata keçirilməsi ilə bağlı qaydalar müəyyən edilib. Layihələr təqdim olunduqda onların qiymətləndirilməsi və tətbiqi də həmin qaydalara uyğun həyata keçirilir.

Səbinə Hümbətzadə qeyd edib ki, daha mürəkkəb layihələrə baxılması zamanı işçi qrupunun yaradılması nəzərdə tutulur. İşçi qrupu layihəni mövcud qanunvericiliyin tələbləri, onun tətbiqi imkanları və müvafiq meyarlar baxımından qiymətləndirir. Zərurət yarandıqda layihə ilə bağlı aidiyyəti qurumların, o cümlədən İqtisadiyyat Nazirliyinin mövqeyi və rəyi də nəzərə alınır.

Layihənin sınaqdan keçirilməsi üçün mövcud qanunvericiliyin ayrı-ayrı tələblərindən müəyyən müddətə istisnaların tətbiqi mümkün ola bilər. Bu isə innovativ həllərin nəzarət olunan şəraitdə praktiki olaraq yoxlanılmasına imkan yaradır.

Maliyyə və bank sektoruna münasibətdə isə ayrıca yanaşma tətbiq olunur:

“Bu prosesdə İqtisadiyyat Nazirliyinin müvafiq işçi qrupunun rəyi də nəzərə alınır. Layihənin həyata keçirilməsi üçün tələb olunan hüquqi mexanizmlər, tətbiq müddəti və digər məsələlər mövcud qanunvericiliyin normalarına uyğun müəyyənləşdirilir.

Bank və maliyyə institutları ilə bağlı məsələlər isə müəyyən xüsusiyyətlərə malikdir. Bankların bu istiqamətdə öz daxili qayda və prosedurları mövcuddur və müvafiq proseslərin həmin qaydalara uyğunlaşdırılması təmin edilir”.

Related Articles

Bir cavab yazın

Back to top button