Kardaşyan xəstəliyini açıqladı – Atası da eyni xəstəlikdən ölüb


Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, “Kardaşyanlar” verilişinin yeni mövsümünün treylerində Kim Kardaşyan xəstəxana çarpayısında görüntülənib. O, yemək borusunun iltihablanması ilə xarakterizə olunan özofajitdən əziyyət çəkdiyini bildirib.
Kadrlarda başqa bir şəxsin Kim Kardaşyana atasını xatırladaraq onun da bu xəstəlikdən vəfat edib-etmədiyini soruşduğu görünür. Kardaşyan isə bunu təsdiqləyib.
Kim Kardaşyanın atası Robert Kardaşyan 2003-cü ildə 59 yaşında yemək borusu xərçəngindən vəfat edib. Bununla belə, özofajit və yemək borusu xərçəngi eyni xəstəlik deyil. Özofajit yemək borusunun selikli qişasında iltihab və qıcıqlanma ilə müşayiət olunan vəziyyətdir.
Kardaşyan ailəsi 2019-cu ildə Robert Kardaşyanın xatirəsinə UCLA-da yemək borusu xəstəliklərinin araşdırılması və müalicəsi ilə məşğul olan sağlamlıq mərkəzi də yaradıb.
Qeyd edək ki, “Kardaşyanlar” verilişinin səkkizinci mövsümünün oktyabrın 8-də yayımlanması planlaşdırılır.



