Kirayə mexanizmi ilə mənzillərin seçimi prosesi uğurla başa çatdı


Bu gün İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən keçirilən satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi uğurla başa çatıb.
Kredit.az xəbər verir ki, qeyd edilən seçim prosesində Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib. Yeni həll sayəsində vətəndaşlar yaşayış sahələri üçün müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyiblər.
Bu günkü seçim prosesində Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzil vətəndaşların seçiminə təqdim olunub. Yaşayış sahələri vətəndaşlar tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemində *16 dəqiqə 22 saniyə ərzində* seçilib və bütün müraciətlər qaydalar çərçivəsində tamamlanıb.
Qeyd edək ki, bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, xüsusi proqram təminatlarından istifadə edilməsinə, həmçinin yaşayış sahələrinin seçimi prosesində yarana biləcək sui-istifadə hallarının və seçim prosesinə kənar müdaxilə riskinin qarşısının alınmasına töhfə verib.



