Məktəblərdə dərs vaxtı dəyişir? – Nazir açıqladı


“Ən yaxşı məktəb evə ən yaxın məktəbdir. Biz ən yaxın məktəbi ən yaxşı məktəbə çevirməliyik”.
AZERFAX.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir valideynlərə uşaqları üçün evə yaxın məktəblərə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, bu, şagirdlərin yolda vaxt itirməsinin, tıxac səbəbindən dərsə gecikməsinin və davamiyyətlə bağlı problemlərin qarşısını ala bilər.
Emin Əmrullayev bildirib ki, uşaqlarını evdən uzaq məktəblərə aparan valideynlərin ictimai nəqliyyatdan istifadə etməsi daha məqsədəuyğundur.
Nazir məktəblərdə dərslərin başlama saatının dəyişdirilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bununla bağlı qərar qəbul etmək çətindir, çünki məsələ valideynlərin iş qrafiki ilə də bağlıdır.
“Hazırda məktəblərin başlama saatlarının dəyişdirilməsi ilə bağlı əlimizdə elan edə biləcəyimiz hər hansı qərar yoxdur”, – deyə nazir vurğulayıb.



