Məşhur aparıcıya ölüm hökmü verildi


Misirdə televiziya aparıcısı Sarah Khalifa və daha 11 nəfər narkotik maddələrin istehsalı və qanunsuz dövriyyəsi ilə bağlı iş üzrə asılaraq edam cəzasına məhkum edilib.
AZERFAX.AZ The Guardian-a istinadən xəbər verir ki, 39 yaşlı Khalifa təhlükəsizlik və cinayət mövzularından bəhs edən “Mission Impossible” proqramının aparıcısı kimi tanınır. Qahirə məhkəməsi təqsirləndirilən şəxsləri narkotik maddələrin hazırlanması üçün xaricdən xammal əldə edən mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edib.
İstintaqın məlumatına görə, əməliyyat zamanı 750 kiloqramdan çox narkotik maddə və xammal, həmçinin qanunsuz odlu silah və döyüş sursatı aşkarlanıb. İki mənzilin narkotik maddələrin istehsalı üçün laboratoriya kimi istifadə edildiyi bildirilib.
Məhkəmənin ölüm hökmü ilə bağlı qərarı Misirin Baş Müftisinin rəyi alındıqdan sonra elan edilib. Qərardan apellyasiya şikayəti vermək mümkündür.
Məlumata görə, Khalifa və digər təqsirləndirilən şəxslərə ayrıca bir iş üzrə gəncin qaçırılması və döyülməsi ilə bağlı 5 il həbs cəzası da verilib.



