Marsda qeyri-adi çökəkliklər qeydə alındı


NASA-nın 14 ildir Marsın Qeyl kraterində araşdırmalar aparan “Curiosity” aparatı planetin geoloji keçmişi ilə bağlı yeni və qeyri-adi quruluş aşkar edib.
AZERFAX.AZ xəbər verir ki, “Curiosity” Mount Sharp dağının sulfatla zəngin təbəqələrinin yerləşdiyi Valle Grande bölgəsində hərəkətini davam etdirir. Məlumata görə, aparatın çəkdiyi görüntülərdə Marsın səthində təxminən 1 santimetr genişliyində dayaz və kiçik çökəkliklər qeydə alınıb. Daha əvvəl müşahidə edilən çuxurlardan fərqli olaraq, bu strukturların ətrafında eroziya nəticəsində ayrılmış çınqıl və ya mineral qalıqları aşkarlanmayıb. Alimlər çökəkliklərin olduqca dayaz və geniş olmasının Marsda məlum aşınma proseslərindən fərqli mexanizmdən xəbər verə biləcəyini düşünürlər.
Mütəxəssislər yeni strukturların indiyədək məlum olmayan eroziya prosesi, yoxsa qayaların fərqli fiziki xüsusiyyətləri nəticəsində yarandığını müəyyənləşdirməyə çalışırlar.



