Naxçıvanın strateji əhəmiyyəti artır: Prezidentin səfəri nələri dəyişəcək?

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bölgənin sosial-iqtisadi inkişafı, təhlükəsizliyi və Azərbaycanın ümumi regional siyasətində Naxçıvanın xüsusi rolunun bir daha diqqətə çatdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində bir sıra mühüm layihələrin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsi, eləcə də müxtəlif görüşlərdə səsləndirilən fikirlər Naxçıvanın gələcək inkişaf prioritetlərinə dair aydın mesajlar ortaya qoyub. Prezidentin səfər zamanı verdiyi açıqlamalarda Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi strateji əhəmiyyəti, regionda yeni nəqliyyat və kommunikasiya imkanlarının yaradılması, iqtisadi potensialın daha səmərəli istifadəsi ilə bağlı məsələlər xüsusi yer tutub.
Səfərin siyasi əhəmiyyəti isə yalnız Naxçıvanın daxili inkişafı ilə məhdudlaşmır. Prezidentin səfər zamanı verdiyi mesajlar Azərbaycanın regional proseslərə yanaşması və yeni geosiyasi reallıqlar fonunda Naxçıvanın artan strateji əhəmiyyəti baxımından da diqqət çəkir. Məhz bu məqamlar səfərin siyasi və iqtisadi nəticələrinin daha geniş kontekstdə dəyərləndirilməsini zəruri edir.
Dövlət başçısının muxtar respublikaya səfəri ilə bağlı fikirlərini AZERFAX.AZ-la bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri həm həyata keçirilən mühüm layihələr, həm də səfər zamanı səsləndirilən siyasi mesajlar baxımından xüsusi əhəmiyyət daşıyır. Millət vəkili qeyd edib ki, Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibə də səfərin mahiyyətini daha geniş siyasi və tarixi kontekstdə qiymətləndirmək üçün mühüm imkan yaradır:

Fotoda: millət vəkili Ceyhun Məmmədov
“Səfərin əsas məqamlarından biri Naxçıvanın Azərbaycan dövlətçilik tarixindəki xüsusi rolunun vurğulanması oldu. Naxçıvan yalnız Azərbaycanın coğrafi baxımdan ayrılmış bir hissəsi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin mühüm siyasi dayaqlarından biridir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Məhz həmin dövrdə Naxçıvanda qəbul edilən mühüm siyasi qərarlar milli dövlətçilik ideyasının qorunmasına və gələcək Azərbaycanın siyasi kursunun formalaşmasına mühüm zəmin yaradıb”.
Ceyhun Məmmədov vurğulayıb ki, bu gün Azərbaycanın əldə etdiyi böyük siyasi və diplomatik nəticələrin arxasında uzunmüddətli və ardıcıl dövlətçilik strategiyası dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni tarixi reallıqlara uyğun şəkildə uğurla davam etdirilir:
“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın yaradılması istiqamətində həyata keçirilən siyasət də bu strategiyanın məntiqi davamıdır. Sülh prosesində əldə olunan mühüm razılaşmalardan sonra Prezident İlham Əliyevin Naxçıvana səfəri xüsusi siyasi və mənəvi məna daşıyır. Burada keçmişlə gələcək bir-biri ilə əlaqələnir. Bir tərəfdə Heydər Əliyevin Naxçıvandan başlayan dövlətçilik mübarizəsi, digər tərəfdə isə həmin siyasi xəttin yeni geosiyasi reallıqlar şəraitində davam etdirilməsi dayanır.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, enerji, nəqliyyat, sosial və şəhərsalma layihələrinin təqdim olunması muxtar respublikanın gələcək inkişafı üçün mühüm imkanlar yaradır. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı proseslərin irəliləməsi Naxçıvanın Azərbaycanın əsas hissəsi və Türk dünyası ilə nəqliyyat əlaqələrinin genişlənməsi baxımından yeni perspektivlər açır.
Bu baxımdan 11 avqust 2026-cı il tarixində Prezident İlham Əliyevin Naxçıvana səfərini yalnız həmin gün həyata keçirilən tədbirlərlə məhdudlaşdırmaq doğru olmaz. Bu səfər həm keçmişə ehtiram, həm də gələcəyə baxışdır. Naxçıvandan başlayan dövlətçilik yolu bu gün sülh, inkişaf, regional əməkdaşlıq və yeni iqtisadi imkanlarla davam edir. İnanıram ki, Naxçıvan qarşıdakı illərdə Azərbaycanın yeni regional reallıqlarının formalaşmasında daha mühüm rol oynayacaq”.
Politoloq Tural İsmayılov deyib ki, Prezident İlham Əliyevin Naxçıvana son səfəri həm regionun sosial-iqtisadi inkişafı, həm də Azərbaycanın regional strategiyası baxımından mühüm siyasi məna daşıyır. Onun sözlərinə görə, səfər zamanı şəhərin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim olunması, sosial evlər kompleksinin, “Naxçıvan” Mehmanxana Kompleksinin və Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, enerji və nəqliyyat infrastrukturu ilə bağlı layihələrin nəzərdən keçirilməsi göstərir ki, Naxçıvanın inkişafına artıq ayrı-ayrı layihələr deyil, uzunmüddətli və kompleks yanaşma tətbiq olunur.

Fotoda: politoloq Tural İsmayılov
“Burada ən mühüm məqamlardan biri Naxçıvanın gələcəkdə Azərbaycanın regional iqtisadi və logistika xəritəsində daha böyük rol oynayacağının nümayiş etdirilməsidir. Xüsusilə Orta Dəhlizin genişlənməsi, Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsi və Naxçıvanın tranzit imkanlarının artması fonunda bu ərazi təkcə coğrafi baxımdan strateji mövqeyə malik muxtar respublika deyil, həm də yeni iqtisadi imkanların qovşağı kimi nəzərdən keçirilir. Bu baxımdan Naxçıvanda sənaye, nəqliyyat, turizm və enerji layihələrinin paralel şəkildə həyata keçirilməsi təsadüfi deyil”, – Tural İsmayılov belə deyib.
Politoloq qeyd edib ki, səfərin digər mühüm istiqaməti sosial siyasətdir. 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlinin qoyulması dövlətin Naxçıvanın inkişafını yalnız makroiqtisadi göstəricilər və infrastruktur layihələri ilə məhdudlaşdırmadığını göstərir:
“Məqsəd eyni zamanda insanların yaşayış şəraitini yaxşılaşdırmaq, məşğulluq imkanlarını artırmaq və şəhərin sosial infrastrukturunu müasirləşdirməkdir. Yeni yaşayış məhəllələrinin, xidmət obyektlərinin və turizm infrastrukturunun yaradılması şəhərin iqtisadi fəallığını stimullaşdırmaqla yanaşı, əhalinin sosial rifahına da birbaşa təsir göstərə bilər.
Naxçıvanın enerji təhlükəsizliyi və nəqliyyat imkanlarının gücləndirilməsi də strateji əhəmiyyət daşıyır. Enerji infrastrukturunun yenilənməsi sənaye və biznes fəaliyyəti üçün daha əlverişli mühit formalaşdıracaq. Nəqliyyat bağlantılarının inkişafı isə Naxçıvanın regional bazarlara çıxışını asanlaşdıraraq onun iqtisadi potensialının daha geniş coğrafiyada reallaşmasına şərait yarada bilər.
Mədəni irsə diqqət isə bu inkişaf modelinin başqa bir mühüm tərəfidir. Möminə xatun türbəsində aparılan bərpa işləri və Əcəmi Naxçıvaninin abidəsinin açılması Naxçıvanın müasir şəhər kimi inkişaf etdirilərkən onun tarixi kimliyinin qorunmasına xüsusi önəm verildiyini göstərir. Bu yanaşma turizm potensialının artırılması baxımından da mühüm dividend yaradacaq”.
Tural İsmayılov bildirib ki, əsas məsələ bundan sonra müəyyənləşdirilən strateji hədəflərin ardıcıl icrası və Naxçıvanın Azərbaycanın iqtisadi məkanında daha fəal regional mərkəzə çevrilməsidir. Bu baxımdan səfər həm mövcud layihələrin qiymətləndirilməsi, həm də Naxçıvanın növbəti onilliklər üçün inkişaf fəlsəfəsinin müəyyənləşdirilməsi baxımından xüsusi siyasi və strateji əhəmiyyət daşıyır.
Aynur Abdınova / AZERFAX.AZ
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.




