Ölkə

Qətər İran hərbi pilotların əsir götürülməsi iddialarını təkzib etdi

Qətər Xarici İşlər Nazirliyi İranın mart ayında ölkənin hava məkanını pozan təyyarələrin pilotlarının əsir götürülməsi ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.

“İran pilotlarının saxlanılması ilə bağlı yayılan iddiaları qəti şəkildə rədd edirik və regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin davam etdiyi bir vaxtda bu cür yanıltıcı bəyanatların səsləndirilməsindən təəccüblənirik”, – deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, ekipajlara Qətərin hava sərhədini pozduqları barədə xəbərdarlıq edilib. “Döyüş qaydalarına əməl edildikdən və onlarla əlaqə yaratmaq cəhdləri cavabsız qaldıqdan sonra ərazimizin müdafiəsi üçün beynəlxalq hüququn tələblərinə uyğun zəruri tədbirlər görülüb”, – deyə Məcid əl-Ənsari qeyd edib.

Qətər XİN-in nümayəndəsi, həmçinin axtarış-xilasetmə qruplarının pilotlardan birinin meyitinin qalıqlarını aşkar etdiyini bildirib. Onun sözlərinə görə, Doha beynəlxalq humanitar hüquqa uyğun olaraq meyitin İrana təhvil verilməsini əlaqələndirmək məqsədilə Tehranla əlaqə saxlayıb. Bundan əlavə, Qətər hələ aprel ayında İran nümayəndə heyətini axtarış əməliyyatının təfərrüatları ilə tanış olmaq üçün dəvət edib. Lakin İran tərəfi indiyədək bu dəvətə cavab verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button