“Qalatasaray”dan “əsrin bombası”: 100 milyonluq ulduz gəlir


Son illərdə reallaşdırdığı dünya səviyyəli transferlərlə gündəmdən düşməyən “Qalatasaray” futbol dünyasında zəlzələ effekti yaradacaq yeni bir transferə hazırlaşır. Sarı-qırmızılılar, “Bavariya”nın formasını geyinən və bazar dəyəri təxminən 100 milyon avro olan 23 yaşlı super ulduz Camal Musialanı heyətinə qatmaq üçün hərəkətə keçib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Cim-bom”un bu transferi gerçəkləşdirmək üçün daha əvvəl Viktor Osimenin gəlişində tətbiq etdiyi uğurlu modelə bənzər bir düstur üzərində işlədiyi bildirilir. Kulisdən sızan məlumatlara görə, İstanbul klubu gənc ulduzu məcburi satınalma şərti olmadan, icarə formulu ilə rənglərinə bağlamağı hədəfləyir.
“Bavariya”nın hücum xəttində rəqabətin pik həddə çatması səbəbindən alman nəhənginin Musialanın mütəmadi oynaya biləcəyi bir komandaya icarəyə verilməsi fikrinə isti baxa biləcəyi vurğulanır. Üstün top texnikası və dəqiq ötürmələri ilə tanınan ulduz futbolçu barədə hələlik rəsmi açıqlama verilməsə də, bu iddianın transfer gündəmini zəbt edəcəyi şübhəsizdir.



