Ölkə

Sabah gecə Ay “Yeddi bacı” ilə görüşəcək

Noyabrın 24-də səma müşahidəçilərini maraqlı astronomik hadisə gözləyir. Ayın Yerə daha yaxın mövqedə olduğu vaxt baş verəcək Super Ay “Yeddi bacı” kimi tanınan Pleyada ulduz topasının yaxınlığından keçəcək.

AZERFAX.AZ xəbər verir ki, noyabr ayının son həftəsində bir sıra diqqətçəkən səma hadisələri qeydə alınacaq. Həftənin əsas hadisəsi isə noyabrın 24-də müşahidə olunacaq Super Ay olacaq.

Türkiyənin “Sözcu” qəzetinin yaydığı məlumata görə, həmin gecə Ay Buğa bürcündə yerləşən Pleyada ulduz topasının cəmi 0,9 dərəcə yaxınlığından keçəcək. “Yeddi bacı” adı ilə tanınan bu ulduz qrupu ilə Ayın yaxın görünüşü səmada maraqlı mənzərə yaradacaq.

Super Ay hadisəsi dolunayın Ayın Yerə ən yaxın olduğu orbit nöqtəsinə – perigeyə yaxın vaxtda baş verməsi ilə əlaqədardır. Belə zamanlarda Ay adi dolunayla müqayisədə təxminən 7-10 faiz daha böyük, 15 faizədək isə daha parlaq görünə bilər.

Astronomik hadisəni müşahidə etmək üçün xüsusi avadanlıq tələb olunmur. Hava şəraiti əlverişli olarsa, Ayın görünüşünü adi gözlə də izləmək mümkün olacaq. Bununla belə, Ayın güclü işığı Pleyada topasındakı nisbətən zəif ulduzların seçilməsini çətinləşdirə bilər.

Noyabrın 25-də isə Mars və Şir bürcünün ən parlaq ulduzu olan Regulus səmada bir-birinə yaxın görünəcək. Günəş doğmazdan təxminən bir saat əvvəl şərq istiqamətində bu iki səma cismini müşahidə etmək mümkün olacaq. Eyni tarixdə Uran da qarşıdurma vəziyyətinə çatacaq. Lakin bu planeti görmək üçün güclü durbin və ya teleskopdan istifadə etmək tövsiyə olunur.

Noyabrın 27-də isə Venera səhər səmasında ən parlaq görünüşünə çatacaq. Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl şərq-cənub-şərq istiqamətində müşahidə edilə biləcək planet parlaq görüntüsü ilə seçiləcək.

Related Articles

Bir cavab yazın

Back to top button