Təriqət liderinin ayağını öpmək üçün pul verdilər


Hindistanda dini təriqət liderinin ayağını öpmək üçün insanların pul ödəyərək növbəyə durması sosial mediada geniş müzakirələrə səbəb olub.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə Kabir Panth ənənəsinə mənsub dini lider Sant Rampal Ji Maharajın müridləri ilə bağlıdır.
Yayılan görüntülərdə Maharajın xüsusi hazırlanmış, şüşə ilə əhatə olunmuş və kondisionerlə təchiz edilmiş avtomobildə oturduğu görünür. Onun ayağını öpmək istəyən şəxslər isə avtomobilin qarşısında növbəyə düzülüblər.
Diqqətçəkən məqam ondan ibarətdir ki, müridlər liderə yaxınlaşmazdan əvvəl qarşıda yerləşdirilən ianə qutusuna pul atıblar. Daha sonra növbə ilə avtomobilə yaxınlaşaraq dini liderin ayağını öpüblər.
Avtomobilin ön hissəsində “Purna Brahma” ifadəsinin yazıldığı da görüntülərdə əks olunub. Bu ifadənin “Tam Tanrı” mənasını verdiyi bildirilir.
Sant Rampal Ji Maharajın dini fəaliyyətə yönəlməsi 1988-ci ildə Kabir Panthi təriqətinin nümayəndəsi Svami Ramdevanand ilə tanışlığından sonra başlayıb. O, 1994-cü ildə müəllimi tərəfindən varis seçildikdən sonra inşaat mühəndisi kimi fəaliyyətini dayandıraraq dini fəaliyyətlə məşğul olub.
Maharaj 2014-cü ildə Barvala şəhərində müridləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma və ölüm hadisələrindən sonra həbs edilib. Daha sonra ömürlük həbs cəzasına məhkum olunub.
2025-ci ildə isə məhkəmə onun yaşını və səhhəti ilə bağlı vəziyyəti nəzərə alaraq cəzasını dayandırıb.



