Telefonla gizli kameraları aşkarlayan cihaz hazırlandı


Cənubi Koreyada smartfona qoşularaq gizli kamera linzalarını aşkarlaya bilən “SweepLED” adlı aksesuar hazırlanıb.
AZERFAX.AZ xəbər verir ki, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış prototip hotel otaqları, kirayə evlər, soyunub-geyinmə otaqları və tualetlər kimi məxfilik baxımından həssas məkanlarda istifadə üçün nəzərdə tutulub.
Telefonun arxa kamerasına yerləşdirilən cihaz üzərindəki 15 LED işıq vasitəsilə ətrafdakı obyektlərdən əks olunan işığı analiz edir. Süni intellekt müxtəlif işıqlandırma şəraitində əldə edilən görüntüləri müqayisə edərək adi səthləri kamera linzalarından ayırır.
Testlər zamanı “SweepLED” gizli kameraları 94 faiz dəqiqliklə aşkarlayıb. Hər obyektin analizi isə təxminən 5 saniyə çəkib.
Tədqiqatçılar cihazı 30 müxtəlif obyekt üzərində sınaqdan keçirib və saat, güzgü kimi əşyaların içərisində gizlədilən kameraların da müəyyən edilə bildiyini açıqlayıblar.
Qeyd edək ki, prototipin istehsal xərcinin təxminən 7 dollar olduğu bildirilir. Texnologiyanın nə vaxt istehlakçılar üçün satışa çıxarılacağı isə hələ məlum deyil.



