Toy günü bunları edirlər – Dünyanın qəribə adətləri


Toy dünyanın hər yerində sevinc və yeni həyatın başlanğıcı kimi qəbul olunur. Lakin bəzi ölkələrdə toy mərasimləri bizə olduqca qəribə görünə biləcək adətlərlə müşayiət edilir.
AZERFAX.AZ xəbər verir ki, Şotlandiyada “qaraltma” adlı qədim ənənə var. Toydan əvvəl gəlin və ya bəy dostları tərəfindən un, yumurta, sous və digər qarışıqlarla “bəzədilir”. Bunun pis ruhları uzaqlaşdırdığına inanılır.
Hindistanın bəzi bölgələrində gəlin və bəyin ayaqları ailə üzvləri tərəfindən yuyulur. Bu, hörmət və xeyir-dua rəmzidir.
Cənubi Koreyada bəzi ənənələrdə bəyin ayaqlarına yüngül şəkildə çubuqla vurulur və ona müxtəlif suallar verilir. Mərasim zarafat və əyləncə məqsədi daşıyır.
Almaniyada isə “Polterabend” adətində toy ərəfəsində qonaqlar qab-qacaq sındırırlar. Cütlük daha sonra qırıntıları birlikdə təmizləyir. Bunun gələcək həyatlarında çətinlikləri birlikdə aşmalarına kömək edəcəyinə inanılır.
İndoneziyanın bəzi icmalarında yeni evlənənlər üçün xüsusi rituallar keçirilir və müəyyən müddət evdən çıxmamaq kimi ənənələrə rast gəlinir.
Bu adətlər göstərir ki, dünyada toy anlayışı eyni olsa da, onu qeyd etmə formaları olduqca fərqlidir.



