Ölkə

Trampın paylaşdığı xəritə qalmaqal yaratdı – ABŞ səfiri çağırıldı

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı xəritə İslandiya ilə ABŞ arasında diplomatik gərginliyə səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, “Reuters”in məlumatına görə, İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Gunnarsdottir ABŞ-ın ölkədəki səfiri Billi Lonqu görüşə çağırıb.

Buna səbəb Donald Trampın “Truth Social” hesabında paylaşdığı xəritə olub. Sözügedən xəritədə ABŞ-lə yanaşı Kanada, Qrenlandiya, İslandiya, Meksika, Mərkəzi Amerika və Karib hövzəsinin böyük hissəsi ABŞ bayrağı ilə örtülüb və bütün ərazi “Amerika Birləşmiş Ştatları” kimi təqdim edilib.

Tramp paylaşımına hər hansı izah əlavə etməyib.

İslandiya Xarici İşlər Nazirliyi görüş zamanı ölkənin mövqeyinin ABŞ səfirinə açıq şəkildə çatdırıldığını bildirib. Nazirlik paylaşımı “tamamilə yersiz” hesab etdiyini vurğulayıb. İslandiyanın Baş naziri Kristrun Frostadottir isə xəritənin məzmununu islandiyalılara, kanadalılara və qrenlandiyalılara qarşı təhqir kimi qiymətləndirib. O bildirib ki, paylaşım zarafat məqsədi daşıyırsa belə, bunu uğurlu zarafat hesab etmir.

Hadisənin diqqət çəkməsinin əsas səbəblərindən biri Trampın daha əvvəl Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsinin vacibliyi barədə dəfələrlə səsləndirdiyi fikirlərdir. Bu açıqlamalar Vaşinqtonla Kopenhagen arasında gərginliyə səbəb olmuşdu. Qrenlandiya Danimarka Krallığının tərkibində geniş muxtariyyətə malik ərazidir.

Related Articles

Bir cavab yazın

Back to top button