Ölkə

Türkiyədə neçə azərbaycanlı futbolçu oynayır?

Azərbaycanlı futbolçuların Türkiyə klublarına marağı son illərdə xeyli artıb. Xüsusilə Türkiyə Futbol Federasiyasının (TFF) türkdilli ölkələrin futbolçuları ilə bağlı tətbiq etdiyi yeni qaydalar transfer prosesini asanlaşdırdığından, qardaş ölkənin müxtəlif liqalarında çıxış edən azərbaycanlı oyunçuların sayı da artır.

Son günlər bu siyahıya daha iki tanınmış futbolçunun da qoşulacağı dəqiqləşib.

AZERFAX.AZ xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək. Təcrübəli futbolçu 1-ci Liqa təmsilçisi “Bursaspor” ilə 3 illik müqavilə imzalayıb. Onun adı artıq Türkiyə Futbol Federasiyasına təqdim olunan iştirak ərizəsində də yer alıb.

Digər milli üzvü Nəriman Axundzadə isə ABŞ-nin MLS təmsilçisi “Columbus Crew” klubundan “Erzurumspor FK”ya keçməyə yaxındır. Tərəflər arasında transferlə bağlı prinsipial razılıq əldə olunub və futbolçunun yaxın vaxtlarda rəsmi olaraq Türkiyə 1-ci Liqa klubuna qoşulacağı gözlənilir.

Hazırda Türkiyənin peşəkar futbol liqalarında – Super Liqa və 1-ci Liqa səviyyəsində aktiv müqaviləsi olan və ya yeni transfer olunan azərbaycanlı futbolçuların sayı 5 nəfərdir:

•⁠ ⁠Toral Bayramov – “Bursaspor” (1-ci Liqa)

•⁠ ⁠Nəriman Axundzadə – “Erzurumspor FK” (1-ci Liqa)

•⁠ ⁠Coşqun Diniyev – “Çorum FK” (1-ci Liqa)

•⁠ ⁠Sertan Taşqın – “Serikspor” (1-ci Liqa)

•⁠ ⁠Həsən Nəzərov – “Ankaragücü” (1-ci Liqa)

Bundan başqa, hücumçu Renat Dadaşov da son illərdə Türkiyə futbolunda çıxış edib. O, 2023/2024 mövsümündə icarə əsasında “Hatayspor”un formasını geyinib. Daha sonra “Ankaragücü”nə transfer olunan futbolçu hazırda Polşanın “Radomiak Radom” klubunda çıxış edir.

Türkiyənin aşağı divizionlarında və müxtəlif klub akademiyalarında da azərbaycanlı futbolçular yetişməkdədir. Məsələn, gənc futbolçu Denis Ədilov “Konyagücü”ndə çıxış edir.

Mütəxəssislərin fikrincə, TFF-nin türkdilli ölkələrin futbolçularına münasibətdə tətbiq etdiyi xüsusi status və legioner qaydalarındakı dəyişikliklər Azərbaycan futbolçularının Türkiyə klublarına transferini xeyli asanlaşdırıb. Bu səbəbdən yaxın illərdə Türkiyə çempionatlarında çıxış edən azərbaycanlı oyunçuların sayının daha da artacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button