Türkiyənin bu kəndində işıq və su pulsuzdur


Türkiyənin Afyonkarahisar vilayətində yerləşən bir kənddə günəş enerjisi sistemi sakinlərin elektrik xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Kənddə su nasosları, suvarma sistemi və digər ümumi ehtiyaclar üçün istifadə olunan elektrik enerjisinə görə artıq ödəniş edilmir.
AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Afyonkarahisarın Sandıklı rayonuna bağlı Kusura kəndində günəş enerjisi stansiyası (GES) qurulub.
Layihə kənd muxtarlığı və yerli kooperativin təşəbbüsü ilə həyata keçirilib. Günəş panelləri vasitəsilə istehsal olunan elektrik enerjisindən ilk növbədə kənd təsərrüfatında istifadə edilir.
Sistem tarlaların suvarılması ilə yanaşı, kəndin içməli su nasoslarını, küçə işıqlandırmasını və digər ümumi ehtiyaclarını da qarşılayır.
Layihənin diqqətçəkən tərəflərindən biri isə artıq istehsal olunan elektrik enerjisinin satılmasıdır. Günəşli günlərdə ehtiyacdan artıq enerji milli elektrik şəbəkəsinə ötürülür. Bunun müqabilində əldə edilən gəlir kəndin büdcəsinə daxil olur.
Beləliklə, Kusura kəndində həm elektrik xərcləri minimuma endirilib, həm də günəş enerjisi əlavə gəlir mənbəyinə çevrilib. Kənd sakinləri suvarma və içməli su sistemləri də daxil olmaqla bir sıra əsas xidmətlərdən günəş enerjisi hesabına yararlanırlar.



