Ölkə

Vuçiç parlamenti buraxdı – Serbiya seçkiyə gedir

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkə parlamentini buraxaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verib.

AZERFAX.AZ xarici KİV-ə istinadən xəbər verir ki, növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək. Seçkilərin əvvəlcə 2027-ci ilin dekabrında keçirilməsi nəzərdə tutulurdu.

Qərar ölkədə təxminən iki ildir davam edən hökumət əleyhinə etirazlar və siyasi gərginlik fonunda qəbul edilib. Etirazların əsas dalğası 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının beton örtüyünün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayıb.

Etirazçılar və müxalifət hakimiyyəti korrupsiya, siyasi rəqiblərə təzyiq və media azadlığının məhdudlaşdırılmasında ittiham edir. Vuçiç və onun tərəfdarları isə ittihamları rədd edirlər.

Vuçiç bildirib ki, mövcud siyasi gərginlik şəraitində növbədənkənar seçkilərin keçirilməsi zəruridir. Onun sözlərinə görə, seçkilərin təxirə salınması ölkədə demokratiyaya təhlükə yarada bilər.

Qeyd edək ki, hakim Serbiya Proqressiv Partiyası Vuçiçin qarşıdakı seçkilərdən sonra baş nazir postuna namizədliyini irəli sürüb. O, son 12 ildə Serbiyaya prezident və ya baş nazir kimi rəhbərlik edib.

Related Articles

Bir cavab yazın

Back to top button