Yayda hansı sərin içkilər daha xeyirlidir?

Yay aylarında havaların isti keçməsi orqanizmdə maye itkisini artırır. Buna görə də həkimlər gün ərzində kifayət qədər maye qəbul etməyi və sağlam içkilərə üstünlük verməyi tövsiyə edirlər.
AZERFAX.AZ xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ən faydalı seçim adi içməli sudur. Su bədənin temperaturunu tənzimləyir, susuzlaşmanın qarşısını alır və orqanizmin normal fəaliyyətini təmin edir.
Faydalı sərin içkilər arasında ayran da xüsusi yer tutur. Tərləmə nəticəsində itirilən natrium və digər mineralların bərpasına kömək edən ayran həm də uzun müddət toxluq hissi yaradır. Şəkərsiz limonlu su isə həm təravətləndirici təsir göstərir, həm də C vitamini ilə orqanizmi dəstəkləyir.
Soyudulmuş bitki çayları, xüsusilə nanə, çobanyastığı və hibiskus çayları isti havalarda yaxşı alternativ hesab olunur. Şəkər əlavə edilmədən hazırlanan təzə meyvə smuziləri vitamin və liflə zəngin olsa da, onların miqdarına diqqət yetirilməlidir. Kokos suyu isə təbii elektrolit mənbəyi olduğu üçün çox tərləyən insanlar üçün faydalı seçimlərdən sayılır.
Mütəxəssislər qazlı və şəkərli sərinləşdirici içkilərin, enerji içkilərinin və həddindən artıq kofein tərkibli məhsulların istifadəsini məhdudlaşdırmağı məsləhət görürlər. Bu içkilər qısa müddətlik sərinlik hissi yaratsa da, orqanizmdə susuzlaşmanı artıra və sağlamlığa mənfi təsir göstərə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



