WUF13 Bakını dünyanın şəhərsalma paytaxtına çevirdi

COP 29 -dan sonra yüksək səviyyədə təşkil edilən WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi. 2026-cı ilin may ayında Bakı növbəti dəfə dünyanın diqqət mərkəzində oldu. Paytaxtımızda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu — World Urban Forum 13 həm iştirakçı sayına, həm də siyasi və beynəlxalq əhəmiyyətinə görə forum tarixinin ən böyük sessiyası kimi yadda qaldı.
176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən WUF13 təkcə urbanizasiya və şəhərsalma məsələlərinin müzakirə edildiyi platforma deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və qlobal əməkdaşlığa verdiyi töhfənin növbəti nümayişi oldu. Məhz bu baxımdan forum COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi tarixə düşdü.

Bu forum müddətində Bakı sözün əsl mənasında beynəlxalq dialoq mərkəzinə çevrildi. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, nazirlər, şəhərsalma üzrə ekspertlər, memarlar, alimlər və beynəlxalq təşkilat rəhbərləri Azərbaycan paytaxtında bir araya gəldilər.
Forum çərçivəsində 400-dən artıq tədbir keçirildi, yüzlərlə panel müzakirəsi təşkil olundu. Urban Expo sərgisində isə 130-dan çox pavilyon təqdim edildi. Burada Azərbaycanın milli pavilyonu xüsusi maraq doğurdu. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji konsepsiyaları və müasir urbanizasiya həlləri nümayiş etdirildi və içtirakçıların böyük marağına səbəb oldu.
Bu beynəlxalq tədbirdə ölkə başçısı İlham Əliyev də çıxışları zamanı Azərbaycanda həyata keçirilən böyük layihələr barədə geniş məlumat verib. Prezident Azərbaycanın son illərdə həyata keçirdiyi şəhərsalma və yenidənqurma layihələrinə də toxunaraq bildirib ki, forum iştirakçıları Bakıda və ölkənin digər bölgələrində aparılan müasir quruculuq işlərini yaxından görmək imkanı əldə ediblər. Dövlət başçısı xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin dayanıqlı inkişaf modeli kimi beynəlxalq maraq doğurduğunu qeyd edib.
Beynəlxalq ekspertlər Azərbaycanın qısa müddətdə qurduğu müasir infrastruktur sistemini, təhlükəsizlik və logistika imkanlarını yüksək qiymətləndirdilər. Xarici qonaqların fikrincə, Bakının belə nəhəng tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin qlobal əhəmiyyətli forumların təşkili sahəsində artıq böyük təcrübəyə malik olduğunu təsdiqlədi.
Forumun ən mühüm hadisələrindən biri isə WUF tarixində ilk dəfə keçirilən Liderlərin Bəyanatları Sessiyası oldu. Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən irəli sürüldü və forumun siyasi əhəmiyyətini daha da artırdı.
Mayın 18-də təşkil edilən xüsusi seqmentdə 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli qonaqlar iştirak etdilər. Çıxış edən liderlər Azərbaycanın yüksək qonaqpərvərliyini, forumun peşəkar təşkilini və beynəlxalq dialoq üçün yaradılan şəraiti xüsusi vurğuladılar.

Bu sessiya bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal miqyasda mühüm siyasi və strateji dialoqların keçirildiyi etibarlı beynəlxalq platformaya çevrilib.
WUF13 çərçivəsində keçirilən nazirlər görüşü də forumun əsas diqqət çəkən məqamlarından biri oldu. Görüşdə dayanıqlı şəhərlərin qurulması, iqlim dəyişiklikləri, urbanizasiya problemləri, sosial inklüzivlik və gələcəyin şəhər modelləri ətrafında geniş fikir mübadiləsi aparıldı. 100-dən çox ölkənin yüksək səviyyəli nümayəndələrinin qatıldığı görüşdə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasəti də xüsusi maraq doğurdu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri beynəlxalq ekspertlər tərəfindən müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi dəyərləndirildi.
WUF13 bir daha təsdiqlədi ki, Azərbaycan qlobal təşəbbüslərin fəal iştirakçısı və etibarlı tərəfdaşıdır. Son illərdə ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi Bakını regionun əsas diplomatik və beynəlxalq əməkdaşlıq mərkəzlərindən birinə çevirib.

Forumun yekununda qəbul edilən “Baku Call to Action” sənədində Azərbaycanın yüksək səviyyəli təşkilatçılığı xüsusi qeyd olundu. Sənəddə WUF13 forum tarixinin ən innovativ və ən genişmiqyaslı sessiyalarından biri kimi qiymətləndirildi.
Beləliklə, Bakı daha bir beynəlxalq uğura imza atdı. WUF13 yalnız şəhərsalma forumu deyil, həm də Azərbaycanın dünyada artan nüfuzunun, güclənən beynəlxalq mövqeyinin və qlobal əməkdaşlıq imkanlarının parlaq nümayişinə çevrildi.
Məqsəd Rəhimov
AzerFaks.az



