İlham Əliyevin inkişaf siyasəti qlobal müstəvidə

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın qlobal urban inkişaf gündəliyində artan rolunu bir daha ortaya qoyub. Forum çərçivəsində xüsusilə İlham Əliyev tərəfindən dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə ərazilərinin bərpası və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi vurğulandı. Bakı həm təşkilatçılığı, həm də qlobal müzakirələr üçün yaratdığı platforma ilə diqqət çəkib.
Mövzu ilə bağlı AZERFAX.AZ-a danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, Azərbaycan dünyanın ən böyük tədbirlərindən biri olan WUF Qlobal Urban Forumuna uğurla ev sahibliyi edib.
Deputat qeyd etdi ki, WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin növbəti mühüm uğurlarından biri hesab oluna bilər: “Belə ki, tədbir çərçivəsində Bakıda 176 ölkədən 57 mindən artıq iştirakçı qeydiyyata alındı. Bu isə bütövlükdə WUF sessiyalarının tarixində ən böyük göstəricidir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan şəhərsalma ənənəsinə və bu istiqamətdə təqdim olunan mexanizmlərə görə regionun fərqlənən ölkələrindən biridi. Əlavə etdi ki, bütövlükdə şəhərsalma ənənəsi, eyni zamanda bu sahədə əldə edilən uğurlar, o cümlədən təbii ki, paytaxt da daxil olmaqla bir sıra digər şəhərlərimizin inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərə təsadüf edir.
Deputat vurğuladı ki, Bakının inkişafı məhz Ulu Öndərin həyata keçirdiyi siyasətin nəticəsi olub: “Çünki Bakının inkişafı birmənalı şəkildə 1969-cu ildə reallaşan siyasət və həyata keçirilən dəstək nəticəsində mümkün oldu”.
Onun sözlərinə görə, Azərbaycanın şəhərlərinin inkişafı, infrastrukturun formalaşması, yeni sənaye və digər müəssisələrin qurulması Ümummilli Liderin adı ilə bağlıdır: “Məhz onun siyasəti nəticəsində Bakı keçmiş SSRİ dövründə birliyin aparıcı şəhərlərindən birinə çevrildi”.
Vüqar Bayramov əlavə etdi ki, bu ənənə Prezident İlham Əliyevin dövründə daha da genişləndirilib: “Bu ənənə təbii ki, Heydər Əliyevin davamçısı, Prezident İlham Əliyevin dövründə davam etdirildi, daha da genişləndi və xüsusən nəzərə alsaq ki, artıq yeni şəhərlərin salınması həyata keçirilib, Qarabağ və Şərqi Zəngəzur bərpa olunub, yenidən qurulub”.
Müsahibimiz hesab edir ki, Azərbaycan hazırda şəhərsalma sahəsində nümunəvi ölkələrdən birinə çevrilib. Onun sözlərinə görə, bütün bunlar ondan xəbər verir ki, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm şəhərsalmada, həm postkonflikt dövründə yeni yaşayış məntəqələrinin salınması, “Ağıllı kənd”, “Ağıllı şəhər” modelinin istifadəsində nəinki regional, hətta bəzi istiqamətlər üzrə qlobal miqyasda uğura imza atan ölkələrdəndir.
Deputatın fikrincə, WUF13-ə ev sahibliyi Azərbaycanın bu istiqamətdə qazandığı uğurların beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyıb: “Və sözsüz ki, Azərbaycan WUF13-ə ev sahibliyi etməklə bu sahədəki uğurlarını qlobal ictimaiyyətə təqdim etmiş oldu”.
Müəllif: Adəm Abbaslı



