ADAU-da akademik Məmmədtağı Cəfərovun 90 illiyi qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli alim, əməkdar elm xadimi, akademik Məmmədtağı Cəfərovun anadan olmasının 90 illiyinə həsr olunan Respublika elmi-praktik konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə akademik Məmmədtağı Cəfərovun məzarını ziyarət edərək onun əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra tədbir ADAU-da öz işinə başlayıb. İştiraklar İnzibati binanın foyesində Məmmədtağı Cəfərovun mənalı ömür yolunu əks etdirən sərgiyə baxış keçiriblər.
Konfransda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru Zəfər Qurbanov akademik Məmmədtağı Cəfərovun Azərbaycanda aqrar elm və təhsilin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb. O bildirib ki, alimin zəngin elmi irsi və fundamental tədqiqatları uzun illər ölkədə aqrar elmin inkişaf istiqamətlərinin formalaşmasına mühüm təsir göstərib.
Zəfər Qurbanov qeyd edib ki, akademik yalnız alim kimi deyil, həm də böyük müəllim kimi yüzlərlə mütəxəssisin yetişməsinə töhfə verib, gənc alimlərin formalaşmasında əvəzsiz xidmətlər göstərib. Bu gün ADAU-da həyata keçirilən elmi və tədris layihələri, beynəlxalq əməkdaşlıq proqramları və innovativ təşəbbüslər məhz belə görkəmli alimlərin formalaşdırdığı elmi ənənələrə söykənir.
Çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edən rektor, alimlərin irsinin yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, akademik Məmmədtağı Cəfərovun zəngin elmi irsinin bundan sonra da tədqiqatçılar üçün etibarlı mənbə və örnək olaraq qalacağını diqqətə çatdırıb.
Daha sonra akademik Məmmədtağı Cəfərovun həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev yubiley tədbirinin əhəmiyyətindən danışaraq akademik Məmmədtağı Cəfərovun Azərbaycan elminə verdiyi töhfələrin daim ehtiramla xatırlandığını bildirib. O qeyd edib ki, belə şəxsiyyətlərin irsinin təbliği gənclərin elmə marağının artırılmasına və milli elmi dəyərlərin qorunmasına xidmət edir.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Məmmədtağı Cəfərovun Azərbaycanın aqrar elminin inkişafında oynadığı mühüm roldan bəhs edib. O, alimin formalaşdırdığı elmi məktəbin bu gün də uğurla davam etdirildiyini və yetişdirdiyi mütəxəssislərin ölkə elminə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov isə çıxışında akademiklə bağlı xatirələrini bölüşüb. O, Məmmədtağı Cəfərovun yüksək mənəvi keyfiyyətlərindən, sadəliyindən və insanlara münasibətindən söz açaraq, onun elmə bağlılığının hər zaman ətrafındakılar üçün nümunə olduğunu vurğulayıb. Abel Məhərrəmov akademiklə müxtəlif dövrlərdə keçirdiyi görüşləri xatırladıb, onun gənc alimlərə xüsusi diqqət göstərdiyini, hər zaman yeniliyə açıq olduğunu və elmi fəaliyyətə böyük həvəslə yanaşdığını qeyd edib.
Konfransda çıxış edən Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov görkəmli alimin elmi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunublar. Deputatlar Məmmədtağı Cəfərovun həyat yolunun və fəaliyyəti ilə bağlı zəngin təcrübəsinin gənclər üçün örnək olduğunu bildirərək, belə alimlərin xatirəsinin daim yaşadılmasının əhəmiyyətini vurğulayıblar.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev akademikin çoxşaxəli elmi fəaliyyətinə nəzər salaraq onun tədqiqatlarının ölkədə aqrar və bioloji elmlərin inkişafına mühüm təsir göstərdiyini qeyd edib. O, Məmmədtağı Cəfərovun elmi nəticələrinin bu gün də aktuallığını qoruduğunu bildirib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov kənd təsərrüfatının inkişafına yönələn tədqiqatların formalaşmasında və tətbiqində Məmmədtağı Cəfərovun mühüm rol oynadığını diqqətə çatdırıb.
AMEA-nın müşaviri, akademik Adil Qəribov görkəmli alimin Azərbaycan elmi mühitində qazandığı yüksək nüfuzdan söz açıb, Məmmədtağı Cəfərovun elmi irsinin ölkənin intellektual sərvətlərindən biri olmaqla yanaşı, gələcək tədqiqatçılar üçün də örnək olduğunu vurğulayıb.
ADAU-nun Qida məhsulları mühəndisliyi və şərabçılıq kafedrasının müdiri, professor Hasil Fətəliyev çıxış edərək Məmmədtağı Cəfərovun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında və aqrar təhsilin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən akademikin həyat yoldaşı Şəlalə Cəfərova göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edib, belə tədbirlərin görkəmli alimlərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Konfrans Gəncə Dövlət Filarmoniyasının solistlərinin təqdim etdiyi bədii proqramla davam edib.
Sonda qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpusları, laboratoriyaları və elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.
Qeyd edək ki, konfrans işini günün ikinci yarısında bölmə iclaslarında davam etdirib.





















