Gəncədə yəhudi xalqının ən əhəmiyyətli bayramlarından olan “Pesax” qeyd olundu.

Ölkəmizin qərb regionunda yaşayan yahudilər Gəncədəki Yəhudi Dini İcmasında bir araya gəliblər. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə tədbirdə DQİDK-nin Gəncə-Daşkəsən Regional bölməsinin müdiri Həsən Məmmədov, Yəhudi icmasının sədri Arif Babayev, Aleksandr Nevski adına Rus pravoslav kilsəsinin baş keşişi Varfolomey Sotnikov, şəhid ailələri, müharibə veteranları, Yəhudi dini icmasının üzvləri və müxtəlif din xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən ölkədə milli azlıqlara və dini icmalara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb.

Qeyd edək ki, Pesax – yəhudi xalqının ən əhəmiyyətli bayramlarından biri sayılır. Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən xilas olmalarını simvolizə edən bu bayram İsraildə – 7, İsraildən kənarda isə 8 gün davam edir. Bu günlər ərzində müxtəlif dini ayinlər icra olunur, bayram süfrəsinə xüsusi təamlar düzülür. Bayram süfrəsində, əsasən, Pesax bayramının simvolu sayılan Matsa (şit fətir) olur. Matsa o zaman xilas olan yəhudilərin çöllərdə qaynar daşın üzərində bişirdikləri yeganə qida idi. Su və unun qarışığından hazırlanan quru fətir duzsuz və mayasız olmalıdır. Bu, yəhudilərin əzab-əziyyətini yada salmaq anlamını daşıyır və Tanrıya şükür etmək rəmzi kimi qiymətləndirilir. Bayram süfrəsində, həmçinin yeddi növ göyərti və yeddi növ təam qoyulur: matsa, haroset (matsa ilə yeyilən, qoz fındıqla, bəzən də xurma qarışığı ilə hazırlanır), soyutma yumurta, soyutma kartof, cırhacı almadan hazırlanan halva, balıq qızartması, kiduş-üzüm şirəsidir.
Məlumat üçün əlavə edək ki, Gəncə şəhərində 200-dən çox yəhudi ailəsi yaşayır.
AZERFAX.az Qərb Bürosu


