9 il sonra ümidverici xəbər gəldi

Abdelhak Nurinin qəfil ürək tutması keçirməsindən doqquz il sonra onun qardaşı “Ayaks”ın sabiq futbolçusunun vəziyyəti ilə bağlı ümidverici məlumat paylaşıb.
AZERFAX.AZ xəbər verir ki, Mərakeş əsilli niderlandlı yarımmüdafiəçi 2017-ci ildə “Verder Bremen”ə qarşı keçirilən yoxlama matçında yerə yıxılmışdı. Həmin vaxt onun cəmi 20 yaşı var idi.
Oksigen çatışmazlığı səbəbindən ağır beyin zədəsi alan futbolçu təxminən üç il komada qalıb. Qardaşının sözlərinə görə, hazırda onun səhhəti yaxşılaşmış kimi görünür.
Nurinin qardaşı “Foot Mercato”ya açıqlamasında deyib: “Vəziyyəti yaxşıdır, stabildir. Xüsusilə ilkin vəziyyəti ilə müqayisədə bunu demək olar. Qardaşım hadisədən sonra Niderlanda qayıdanda çox çətin dövr idi. Həmin vaxtla müqayisədə indi vəziyyət xeyli yaxşıdır.”
Qardaşı həmçinin son dərəcə duyğulu bir xatirəni yada salıb: Nurinin qəzadan üç il sonra ilk dəfə öz-özünə gülümsəməsini.
Ailə bir araya gəldiyi zaman edilən zarafatın sabiq futbolçunu güldürdüyü məlum olub. Qardaşı deyib: “Bu gün də onun gülüşünün başqalarının gülüşündən tamamilə fərqli bir mənası var. Bu, onun bizi tanıdığının və başa düşdüyünün təsdiqi kimi idi.”
Nurinin hekayəsi Niderland futboluna, xüsusilə də sabiq futbolçusunun xatirəsinə 34 nömrəli formanı dövriyyədən çıxaran “Ayaks”a dərindən təsir edib.



