ABŞ-ın “S-400” “QIRMIZI XƏTTİ” – Dövlət Departamenti Trampın sözünü yerə salır

ABŞ Dövlət Departamenti Konqresə ünvanladığı məktubda bildirib ki, Türkiyə rus istehsalı olan “S-400” zenit-raket komplekslərindən imtina etmədikcə və ABŞ qanunvericiliyinin digər tələblərini yerinə yetirmədikcə “F-35” qırıcılarını ala bilməyəcək.
AZERFAX.AZ xəbər verir ki, Bu barədə “Turkish Minute” nəşri yazıb.
ABŞ Prezidenti Donald Trampın sanksiyaların ləğv edilməsi və Ankaraya “F-35” qırıcısı satılması imkanının nəzərdən keçirildiyi barədə bəyanatlarına baxmayaraq, qüvvədə olan qanunvericilik məhdudiyyətləri əvvəlki kimi qüvvəsini saxlayır.
Yunanıstanın “Kathimerini” qəzetinin əldə etdiyi iyulun 22 tarixli məktub Ağ Evin adından Dövlət Departamenti tərəfindən Nümayəndələr Palatasının üzvü, demokrat konqresmen Uesli Bellin Türkiyənin “F-35” proqramına mümkün qayıtması ilə bağlı sorğusuna cavab olaraq hazırlanıb.
Sənəddə vurğulanır ki, ABŞ qanunvericiliyi CAATSA (“Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə cavab tədbirləri haqqında”) qanununun və digər hüquqi normaların tələbləri yerinə yetirilməyənə qədər Türkiyəyə “F-35” qırıcılarının verilməsini qadağan edir.
Şərtlər arasında rus istehsalı olan “S-400” komplekslərindən və onlarla əlaqəli avadanlıqlardan imtina edilməsi, gələcəkdə bu cür sistemlərin əldə olunmaması öhdəliyi, həmçinin sertifikatlaşdırma ilə bağlı qalan tələblərin yerinə yetirilməsi qeyd olunur.
Məktubda deyilir: “Türkiyə hələ də bu şərtləri yerinə yetirməyib”.
Eyni zamanda, Vaşinqtonla Ankara arasında “S-400” ətrafındakı mübahisənin tənzimlənməsi istiqamətində danışıqların davam etdiyi bildirilir. Dövlət Departamentinin vurğuladığı kimi, istənilən razılaşma “şəffaf, qanuni olmalı və ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab verməlidir”.
Dövlət Departamentinin mövqeyi Donald Trampın bu ayın əvvəlində Ankarada NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra səsləndirdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Həmin vaxt Amerika lideri Türkiyənin “F-35” qırıcılarını alacağını bildirmişdi.
Məktubda həmçinin qeyd olunur ki, ABŞ Türkiyəni NATO-nun mühüm müttəfiqi hesab edir və qarşılıqlı maraq doğuran məsələlər üzrə Ankara ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Eyni zamanda, onun hərəkətləri Birləşmiş Ştatların maraqlarına zidd gəldiyi hallarda Türkiyə məsuliyyətə cəlb olunacaq.
F-35 mövzusundan əlavə, sənəddə Amerika-Türkiyə münasibətlərinin daha geniş məsələlərinə də toxunulub. Xüsusilə, Türkiyənin Rusiya ilə Ukrayna, Azərbaycanla Ermənistan arasındakı münaqişələrin nizamlanması, eləcə də Qəzza zolağındakı vəziyyətlə bağlı ABŞ-ın diplomatik səylərini dəstəklədiyi və “İslam Dövləti” terror təşkilatına qarşı regional əks-terror əməliyyatlarında iştirak etdiyi qeyd olunur. (publika. az)



