Ermənistan Rusiya qazını İran qazı ilə əvəz edir?

İrəvan İran qazını Rusiya qazına alternativ hesab etmir.
AZERFAX.AZ xəbər verir ki, bunu Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan jurnalistlərə bildirib.
Rəsmi şəxsdən İrana son səfəri zamanı əldə edilən razılaşmalar barədə soruşulub. Tehran əvvəllər İrəvana qaz tədarükünün genişləndirilməsi layihəsi təklif etmişdi.
Xudatyanın sözlərinə görə, İranın Ermənistandan daha çox elektrik enerjisi tədarükünə ehtiyacı var və hər iki ölkə “qaz müqabilində elektrik” formulu çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Ermənistan tərəfinin Rusiya qazının qiymətlərinin artmasından ehtiyat edərək alternativ axtarıb-axtarmadığı sualına nazir belə cavab verib:
“Heç bir narahatlıq yoxdur. İranla iş prosesi var və bu çərçivədə biz illərdir əməkdaşlığı inkişaf etdiririk. Genişlənmə potensialını gördük və indi miqyası artırmaq barədə razılığa gəldik”.
İran Ermənistana bir neçə istilik elektrik stansiyasını işlətmək üçün ildə 400 milyon kubmetrdən çox (2025-ci ildə 477 milyon) qaz tədarük edir. Digər Ermənistan istehlakçıları üçün isə ildə 2,2 milyard kubmetrdən çox (2025-ci ildə 2,23 milyard) qaz Rusiyadan gəlir.



